Spirtli içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilə bağlı yeni qaydalar müəyyən olunur. Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna təklif olunan dəyişikliyə görə, pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq.
Müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilən qanun layihəsinin alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcəyi vurğulanır.
Ötən gün bu barədə Milli Məclisdə çıxış edən birinci vitse-spiker Əli Əhmədov deyib ki, hər bir malın hazırlanması, onun texnologiyalara uyğun şəkildə istehsal olunması üçün müəyyən qədər xərclər çəkilməlidir.
“Təbii ki, bu bazar iqtisadiyyatına zidd deyil. Ucuz mala şübhəli münasibət formalaşıb. Orta qəbul edilmiş qiymətdən aşağı olan malı alan olmur. Ona görə də hər malın yoxlanması mümkün olmadığından, qiymət amilindən malın keyfiyyətinə nəzarət kimi istifadə edilir. Azərbaycanda bununla bağlı məşhur bir ifadə var: “ucuz ətin şorbası olmur”. Güman edirəm ki, bu qanun layihəsi istehlakçılarının hüquqlarının qorunması məqsədinə xidmət edir”, - deyə Ə.Əhmədov bildirib.
Spiker Sahibə Qafarova da qeyd edib ki, satış obyektlərində 1-3 manata təklif olunan içkilərin keyfiyyəti aşağı səviyyədədir: “Biz xalqı təmsil edirik. Camaat arasında maarifçilik işi aparmaq lazımdır. Dediniz 1-3 manatlıq içkilər var. Bunu camaat içir. 1 manatlıq içki əslində zəhərdir. Bununla bağlı camaatı maarifləndirməliyik”.
Maraqlıdır sözügedən qanun layihəsi qəbul olunsa, bu sahədə təhlükəsizlik və keyfiyyət həqiqətən artacaq?
İqtisadçı Xalid Kərimli hesab edir ki, qiymətin artırılması ilə keyfiyyəti tənzimləmək doğru bir yanaşma deyil. Ekspert bildirir ki, spirtli içkilərin tərkibinin insan sağlamlığına ziyan vurmayacaq, müəyyən standartlara cavab verəcək şəkildə təqdim edilməsi ilk növbədə sahibkarın borcudur.
“Bu sahəyə nəzarət edən dövlət qurumlarının da borcudur ki, gedib istehlak bazarında nəzarəti təşkil etsin. Söhbət təkcə spirtli içkilərdən getmir, bura ərzaq məhsullarının yoxlanılması da aid edilə bilər. Düşünürəm ki, burada ilk növbədə səlahiyyətli dövlət qurumları öz işlərini düzgün qurmalıdırlar. Digər tərəfdən, bazar iqtisadiyyatıdır və qiyməti bazar tənzimləməlidir. Hökumət bu rəqəmlərlə oynamamalı, inzibati tədbirlərə sonda baxmalıdır. Məlumdur ki, spirtli içkilər mağzalarda satılır. Yoxlama nəticəsində mağaza sahibinin həmin məhsulu haradan aldığını asanlıqla müəyyən etmək, lazım gələrsə, o sexə qarşı cəza tədbirlərinə baş vurmaq olar”,-deyə ekspert bildirib.
Ekspertə görə, sözügedən qanun layihəsi rəqabət apara bilməyən araq istehsalçılarının mənafeyini qorumağa hesablanıb:“Camaatı aldadıb, keyfiyyətsiz arağı da baha qiymətə satmaq olar. Qiymət bahadırsa, keyfiyyət də yaxşı olacaq deyə bir anlayış yoxdur. Ümid edirlər ki, bu yolla keyfiyyətsiz spirtli içkilərin bazara girişi məhdudlaşacaq. Digər tərəfdən, qiymətin artması spirtli içkilərə təlabatı azaldacaq. Dünya təcrübəsində də belə qanunlar var. Məsələn, Birləşmiş Krallığa daxil olan ölkələrdə, Türkiyədə bu təcrübədən istifadə olunur. Alkoqol insan sağlamlığına ziyan olduğundan, onlar qiyməti artırmaqla, keyfiyyətli alkoqolun belə istehlakını azaltmaq istəyirlər”.
Azərbaycanda vəziyyət necədir?
Qeyd edək ki, Azərbaycan beynəlxalq hesabatlarda alkoqol istehlakına görə heç də ön sıralarda yer almır. Məsələn, ölkəmiz 2023-cü ilə dair hesabatların birində 189 ölkə arasında 142-ci yerdə qərarlaşıb. Ölkədə həmin il adambaşına düşən spirtli içki miqdarı 1.38 litr olub. Ümumdünya Səhiyyə Təşkilatının sonuncu hesabatında isə diqqətçəkən bir məqam özünü biruzə verir. ÜST-ün sonuncu hesabatında qeyd olunur ki, əvvəlki 3 ilə nisbətən Azərbaycanda adambaşına düşən alkoqol istehlakı 2.5 dəfə artıb. Hazırda ölkədə adambaşına düşən alkoqolun miqdarı 2 litrdir. Bəzi proqnozlora görə, bu göstərici gələn il 2.5, 2030-cü ildə isə 3.9 litrə yüksələcək. Azərbaycan əhalisi il ərzində spirtli içkilərə ortalama 400-500 milyon manat xərcləyir.
Kliniki Tibbi Mərkəzin mətbuata verdiyi məlumatda isə qeyd olunur ki, son bir ildə ölkəmizdə alkoqollu içkilərdən zəhərlənənlərin sayı 124 nəfər olub.
Deputat Qüdrət Həsənquliyev də düşünür ki, qiymətin artırılmasını sağlamlığı əsas götürməklə əsaslandırmaq düzgün yanaşma hesab oluna bilməz.
Millət vəkili bildirib ki, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət qiyməti vergilər, rüsumlar yolu ilə tənzimləmir, yəni qiymət müəyyənləşdirmir: “Sabah da deyəcəyik ki, insan orqanizmi üçün çox vacib olan qidalar var, gəlin həmin qidalar üçün də yuxarı hədd müəyyənləşdirək ki, sahibkar öz malını bundan baha qiymətə sata bilməsin. Hesab edirəm ki, bu, yolverilməzdir. İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi kimi təqdim oluna bilər? Qeyd olunur ki, bu, həm də saxta içkilərin qarşısını alacaq. Əvvəla, içkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil, bu, kölgə iqtisadiyyatının bir sahəsi ola bilər. Hətta onların qeydiyyatdan keçmiş zavodlarda istehsal olunan içkilərdən də keyfiyyətli olması mümkündür. Sadəcə olaraq, o mənada saxta adlandırıla bilər ki, qeydiyyatdan keçməyib. Digər tərəfdən, onun keyfiyyətli olub-olmamasını yalnız müvafiq laboratoriyalarda müəyyənləşdirmək mümkündür. Saxta içkilərə qarşı hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi effektli mübarizə aparmalıdır. Spirtli içki aksizli mal sayılır və buna görə hazırda Vergi Məcəlləsində hər litrə görə 4.8 manat aksiz vergisi nəzərdə tutulub. Yəni 4.8 manatı qaldırıb edək 10 manat. Yəni istehsal olunan mal zavodun həyətindən çıxdığı andan, tutaq ki, hər litrə görə 10 manat aksiz vergisi ödəsin. Bu halda o məcburdur ki, malın maya dəyərini də qiymətə əlavə eləsin, yəni içkinin qiyməti qalxmış olacaq”.
İqtisadçı-ekspert Natiq Cəfərli də bildirib ki, spirtli içkilərin minimal qiymətinin dövlət tərəfidən tənzimlənməsini doğru yanaşma hesab oluna bilməz.
Ekspert qeyd edib ki, yeni dəyişiklik ölkədə ciddi problemlərə səbəb olacaq: “Hesab edirəm ki, bazarda kustar üsullarla, yəni ev şəraitində hazırlanmış spirtli içkilərin sayı çoxalacaq və nəticədə daha çox insan bundan zərər görəcək. Həmçinin ölkəyə qeyri-qanuni yollarla spirtli içki idxalı da artacaq. Düşünürəm ki, yanaşmanın özü doğu deyil. Əgər insan sağlamlığına ziyan vuran ucuz spirtli içkilər varsa, qanunvericiliyin digər müddəalarında istifadə edərək bunun qarşısını almaq olardı”.
Spirtli içkilərin qiyməti bahalaşır
Rəsmi məlumatlara görə, cari ilin sentyabr ayında Azərbaycanda pərakəndə ticarət mərkəzlərində bir litr yerli arağın orta satış qiyməti 14,54 manat olub. Bu, cari ilin yanvar ayı ilə müqayisədə 76 qəpik bahadır. Yanvarda marketlərdə Azırbaycanda istehsal edilən arağın 1 litrinin orta satış qiyməti 13,78 manat idi. Bununla yanaşı, xaricdən gətirilən arağların bir litrinin orta satış qiyməti sentyabr ayında 27,76 manat olub ki, bu da, yanvar ayı ilə müqayisədə 40 qəpik bahadır.
Bundan başqa, yanvar ayı ilə müqayisədə sentyabr ayında yerli istehsal brendi ilə satışa çıxarılan konyakın marketlərdə bir litrinin qiyməti 72 qəpik, xarici istehsal brendi ilə satışa çıxarılan konyakın qiyməti 1,14 manat bahalaşıb. Bəhs olunan dövrdə yerli viskinin qiyməti 1 manat, xarici viskinin qiyməti 1,98 manat, yerli süfrə şərabının qiyməti 20 qəpik, xarici süfrə şərabının qiyməti 10 qəpik, yerli pivənin qiyməti 8 qəpik, xarici pivənin qiyməti 12 qəpik bahalaşıb./azpolitika.info