Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Nəsib Səfərovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 5 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 18 iyun 2023-cü il tarixdə, saat bir radələrində Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, Nəsib Səfərov tanışı, zərərçəkmiş Turab Güləliyevi (soyadı şərti) şəxsi münasibətlər zəminində bıçaqlayıb.
Məhkəmə iclasında Nəsib Səfərov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, siqaret köşkündə işləyir:
“Hadisə günü Sabunçu rayonu ərazisində yerləşən çay evindən çıxıb qarşı tərəfində siqaret çəkməyə başladım. Bir neçə dəqiqə sonra sərxoş vəziyyətdə olan Turab da çay evindən çıxaraq mənə yaxınlaşıb siqaret istədi. Ona siqaretimin qurtardığını, axırıncı qalan bir ədədini çəkdiyimi dedim. Turab isə mənə nalayiq söyüş söyərək yalan danışdığımı bildirdi. Onu sakitləşdirməyə çalışsam da, buna nail ola bilmədim. Daha sonra Turab üstümə gələrək mənimlə dalaşmağa başladı və bu zaman onu yerə yıxdım. Turabı zərərsizləşdirmək üçün üzərimdə olan və iş yerində istifadə etdiyim bıçaqla ona doğru bir dəfə zərbə endirdim. Zərbə Turabın qarnının sağ tərəfindən dəydi. O, üstümə düşəndə əlimdəki bıçaq Turabın qarın hissəsinə yenidən dəydi. Lakin ikinci zərbənin Turaba dəydiyini bilmədim. Əməlimdən çox peşmanam”.
Nəsib Səfərovun barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb./pravda.az