Şəhər rəhbərliyi göyərçinləri qovmaq üçün şahin və qartal aldı

Barselonanın yerli hakimiyyət orqanları eyniadlı futbol klubunun “Camp Nou” stadionundan göyərçinləri qorxutmaq üçün bir neçə şahin və qartal alıb.

Bu barədə "Guardian” yazıb.

Qeyd olunur ki, Barselonada göyərçinlərlə mübarizə bir neçə ildir, davam edir: onların sayı həddən artıq çoxdur, binalara ziyan vurur. Rəsmilər ümid edir ki, təşəbbüs göyərçinləri parklara qovmağa imkan verəcək, burada daha az narahatlıq yaradacaqlar. Təcrübə çərçivəsində üç-dörd yırtıcı quşdan ibarət qrup səhər saat 8-dən axşam saat 16-dək stadion ətrafında uçuşa başlayıb.

"Quşlar bir neçə göyərçin yeyə bilər, lakin məqsəd bu deyil", - göyərçinləri qovmaq üçün müqavilənin bağlandığı şirkətin nümayəndəsi Albert Tomas deyib.

Nəşr onu da bildirib ki, şəhər rəhbərliyi bu təcrübəyə 85 min göyərçinin populyasiyasına nəzarət etmək üçün uğursuz cəhddən sonra başlayıb. Bundan əvvəl quşların yeminə kontraseptivlər əlavə edilirdi. Ancaq indi şəhərin mərkəzindəki Kataloniya meydanı kimi bəzi bölgələrdə quşların konsentrasiyası tövsiyə olunan miqdardan iki dəfə çoxdur.

2017-ci ildə şəhər rəhbərliyi “Palau Sant Jordi” konsert salonunun damını çirkləndirən göyərçin sürülərini dağıtmaq üçün yırtıcı quşlardan istifadə edib.