Rusiyanın cənub bölgəsində və bəzi mərkəzi aeroportlarında uçuşlar qeyri-müəyyən müddətə dayandırılıb. Aeronaviqasiya obyektlərinin hədəf alınması iddiaları fonunda tətbiq edilən bu qərar nəticəsində 14 mindən çox sərnişin hava limanlarında qalıb.
Hazırda Rusiyanın 13 mühüm şəhərində – Həştərxan, Vladiqafqaz, Volqoqrad, Gelencik, Qroznı, Krasnodar, Mahaçqala, Maqas, Mineralnıye Vodı, Nalçik, Soçi, Stavropol və Elista aeroportlarında iş dayandırılıb.
Rusiya Nəqliyyat Nazirliyi hava hərəkətinin idarə edilməsi texnologiyalarına və uçuş cədvəllərinə düzəlişlər edildiyini açıqlayıb. Rəsmi rəqəmlərə görə, 80-dən çox reys təxirə salınsa da, qeyri-rəsmi mənbələr (Mash) ləngiyən reyslərin sayının 184-ə çatdığını, 26 uçuşun isə tamamilə ləğv edildiyini bildirir.
Moskvanın Vnukovo hava limanında da ciddi problemlər yaranıb. Burada 50-dən çox reys ləngiyir, bəzi sərnişinlərin bir sutkadan artıqdır ki, uçuş gözlədiyi xəbər verilir.
"NOTAM" (təyyarə heyəti üçün bildiriş) məlumatlarına istinadən yayılan xəbərlərdə Rusiyanın cənub səmasının mülki aviasiya üçün 11 may saat 23:59-adək bağlı qalacağı qeyd olunur. Lakin "Flightradar" məlumatları göstərir ki, bəzi tək-tük reyslər (məsələn, Qazandan Şarm-əş-Şeyxə və İrəvandan Moskvaya uçan təyyarələr) hələ də bu hava məkanından istifadə edir.
Yaranmış böhranla bağlı Nəqliyyat Nazirliyi aviaşirkətlərə mülki sərnişinlərin mənzil başına çatdırılması üçün qatar və avtobuslardan istifadə etməyi tapşırıb. Cənub istiqamətində uçuşların bərpası ilə bağlı qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir, lakin uçuş tezliyinin əhəmiyyətli dərəcədə azaldılacağı vurğulanıb.
Xatırladaq ki, uçuşların dayandırılmasına səbəb kimi aeronaviqasiya sistemlərinə qarşı mümkün hücum təhlükəsi göstərilir, lakin bu obyektlərin zərər görməsi barədə hələlik müstəqil təsdiqlənmiş məlumat yoxdur./azpolitika.info