ABŞ və Çin arasında toqquşmalar nələrə səbəb olacaq?
Əvvəlki yazılarımızda beynəlxalq tranzit dəhlizləri üzərindən ölkələr və bölgələr arasında gedən rəqabətin təsvirini ortaya qoymağa çalışmışdıq. Bu dəfə ABŞ-ın ərsəyə gətirmək istədiyi Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizindən söhbət açacağıq. Hansı ki, dəhlizin cizgisi Hindistanın baş naziri Modinin BƏƏ-yə səfəri üzərindən də özünü biruzə verir. Hindistan-Yaxın Şərq-Avropa iqtisadi dəhlizi regional gərginlik fonunda formalaşır. Dəhlizin ana aktyorlarından biri BƏƏ-dir. Amma ilk öncə Böyük Yaxın Şərq müstəvisində masa üzərində olan iqtisadi planlara baxaq.
Böyük Yaxın Şərq üçün bir çox iqtisadi planlar var ki, bu da özünü Süveyş kanalından dəniz daşımalarının öləziməsi fonunda Misirin arxa plana atılması ilə müşayiət olunan yeni ticarət yollarının irəli çıxmasında göstərir. Bu planları belə fərqləndirməyə dəyər:
1. Bir kəmər, bir yol - Çinin 2013-cü ildə elan etdiyi təşəbbüs.
2. Transxəzər dəhlizi (mövcud infrastrukturun inkişafı).
3. İraq-Türkiyə yolu – layihə hələ 2010-cu ildə elan edilmişdi, Türkiyə hakimiyyəti bu barədə 2023-cü ildə daha fəal danışmağa başladı.
4. “Qlobal Gateway” – Avropa İttifaqının təşəbbüsü, 2021.
5. Hindistan - Yaxın Şərq - Avropa (Hindistan-Orta Şərq-Avropa İqtisadi Dəhlizi, IMEC) – 2023.
2023-cü ildə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün 10 yaşı tamam oldu. Bu müddət ərzində layihə borc tələsi kimi ciddi tənqid olundu: Çin investisiyaları ilə həyata keçirilən infrastruktur layihələri yüksək faizə məruz qaldı, hansı ki, Pekinin layihə çərçivəsində sərmayə yatırdığı ölkələrin Çinə ödəməli olduğu faizlər gündəmə gəldi. Və vəd edilən yeni iş yerlərini çinli işçilər özləri doldurdular.
Son 10 il ərzində Çin dünya üzrə nəhəng magistralların tikintisi kimi iddialı total layihələrdən uzaqlaşdı və diqqətini əsasən Afrikanın Sub-Sahara bölgəsində yerli layihələrə yönəltdi. Beləliklə, “Bir kəmər, bir yol” təşəbbüsü daha çox Çin şirkətlərinin bazara girməsinə imkan verən platforma kimi görünməyə başladı. Torpaq dəhlizlərinin inkişafı arxa plana keçdi, çünki Çinin ticarətinin əsas hissəsi dəniz yolu ilə həyata keçirilir.
Çin-Pakistan İqtisadi Dəhlizinin “Bir kəmər, bir yol” təşəbbüsündə xüsusi rolu var, Çin iqtisadiyyatı üçün əvəzolunmaz nemət olan bu dəhlizin inkişafı birbaşa təhlükəsizlik mühitindən asılıdır. Lakin Pakistanda siyasi qeyri-sabitlik hökm sürür və fevralın əvvəlində Milli Assambleyaya seçkilər zamanı ölkədə artıq bir neçə partlayış baş verib. Bu arada Pakistandan siyasi vəziyyətin qeyri-stabil duruma salınmasının səbəbi də buradan aydınlaşır - Çinin rahat işləməsinə imkan verməmək.
Çin-Pakistan İqtisadi Dəhlizi Çinə birbaşa Ərəb dənizinə qoşulmağa imkan verir ki, bu da çatdırılma müddətlərini əhəmiyyətli dərəcədə azaldır. Dəhliz həm də Malakka boğazına alternativ kimi irəli çıxır.
Çin hazırda neft idxalında dünyada birinci yerdədir, idxalın 60%-i Yaxın Şərqdəndir. Ümumilikdə Çinin neft idxalının 80%-i Malakka boğazından keçir. Malakka boğazının, məsələn, münaqişə səbəbilə bağlana bilmə ehtimalı Çini təşvişə salır.
Buna qarşılıq, Hindistan və BƏƏ regional əlaqəni yaxşılaşdırmaq və Çinin Yeni İpək Yolu (BRI) təşəbbüsünə qarşı çıxmaq üçün Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) fəaliyyətə başlaması üçün saziş imzalayıb. Dəhliz Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Avropanı birləşdirən regionun strateji və iqtisadi mənzərəsini yenidən müəyyənləşdirmək məqsədi daşıyır. Baş nazir Modinin səfəri zamanı Hindistan və BƏƏ arasında enerji, infrastruktur və rəqəmsal layihələr kimi əsas sektorları əhatə edən 10 saziş də imzalanıb. Hindistan və Körfəz regionu, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri arasında dərinləşən əlaqələri vurğulayan mühüm bir addımda BƏƏ- Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizinin (IMEC) sürətli fəaliyyətə başlaması üçün pakt bağladı. Baş nazir Narendra Modinin BƏƏ-yə səfəri zamanı imzalanan əlamətdar saziş regional əlaqələri yaxşılaşdırmaq və Çinin “Bir kəmər, bir yol” (BRI) təşəbbüsünə güclü alternativlər yaratmaq məqsədi daşıyır.
Baş nazir Modi ilə BƏƏ prezidenti Şeyx Mohammed bin Zayed Əl-Nəhyan arasında danışıqlar ilk dəfə Yeni Dehlidə keçirilən G20 sammitində elan edilən bu iddialı layihənin yolunu açdı. Hindistandan BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsraildən keçən və Avropaya uzanan dəhliz regionun strateji və iqtisadi mənzərəsini yenidən müəyyən etməyə hazırlaşır.
Davam edən Qəzza münaqişəsi və regional qeyri-sabitlik fonunda bu addım Hindistan və BƏƏ-nin strateji iqtisadi təşəbbüsləri irəli sürmək üçün birgə səylərini önə çıxarır. Dəhliz qlobal ticarət üçün alternativ marşrut təklif etməklə və regional əlaqələri genişləndirməklə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə potensial olaraq qarşı çıxa bilər. Dəhlizin Yaxın Şərqin enerji ilə zəngin regionlarının Avropa və Asiyanın enerji istehlak edən ölkələri ilə birləşdirilməsinə xüsusi önəm verdiyini nəzərə alsaq, o Hindistanın enerji təhlükəsizliyində mühüm rol oynaya bilər. Dəhliz həmçinin dəniz təhlükəsizliyi və dəniz quldurluğu kimi ümumi məsələlərin həlli üçün platforma rolunu oynaya bilər. Hadisə Qəzza zolağında müharibənin ABŞ-ın dəstəklədiyi İsrail və ərəb qonşuları arasında gələcək inteqrasiya planlarına təsir etdiyi və Səudiyyə Ərəbistanının münasibətləri normallaşdırmaq planlarını dayandırdığı bir vaxta təsadüf edir. Böyük portretdə IMEC-in ərsəyə gətirilməsi regional münaqişələr və təhlükəsizlik əndişələrinin yaratdığı problemlərə baxmayaraq, regional əlaqəni və iqtisadi əməkdaşlığı genişləndirmək üçün daha geniş səylərin bir hissəsidir. Eyni zamanda, baş nazir Modinin BƏƏ-yə səfəri o vəzifəyə gəldikdən sonra dövlət başçısı kimi yeddinci səfəri olmaqla yanaşı, BƏƏ-nin Hindistanın aparıcı ticarət tərəfdaşlarından biri kimi əhəmiyyətini vurğulayır və iki ölkə arasında ticarət, mədəni mübadiələr, investisiyalar daxil olmaqla müxtəlif sahələrdə artan tərəfdaşlığı əks etdirir. Bundan əlavə, səfər zamanı Hindistan və BƏƏ arasında enerji, infrastruktur və rəqəmsal layihələr kimi əsas sektorları əhatə edən, ikitərəfli əlaqələri daha da gücləndirən 10 saziş imzalanıb. İki ölkə arasında ticarət artıq 85 milyard ABŞ dollarına yaxınlaşır, BƏƏ Hindistanda dördüncü ən böyük investordur. Növbəti addım IMEC layihəsi irəlilədikcə, onun müvəffəqiyyəti Yaxın Şərqin mürəkkəb geosiyasi mənzərəsində naviqasiyadan və ticarət yollarının təmin edilməsindən asılı olacaq. Təşəbbüs təkcə iqtisadi əlaqələri gücləndirmək deyil, həm də Hindistan və BƏƏ-nin qlobal ticarətin dinamikasında əsas oyunçular kimi rolunu müəyyən etmək məqsədi daşıyır. Layihənin gələcək inkişafı, çox güman ki, beynəlxalq diqqəti cəlb edəcək, xüsusən də ticarət yollarının şaxələndirilməsində və Çin kimi böyük dövlətlərin üstünlük təşkil etdiyi mövcud dəhlizlərdən asılılığın azaldılmasında maraqlı olan ölkələr və təşkilatların diqqətini cəlb edəcək.
Yeri gəlmişkən, “Körfəz Dəmir Yolu” adlı layihə Ərəbistan yarımadasının bütün monarxiyalarını vahid şəbəkəyə birləşdirəcək, amma bu “dəmir xarqqə”nin yaranma vaxtı hələ məlum deyil. Hindistan-Yaxın Şərq-Avropa dəhlizi daxilində ümumərəb dəmir yolu xətti lazım deyil, yalnız BƏƏ-nin hazır dəmir yolu şəbəkəsini hazırda mövcud olmayan Səudiyyə Ərəbistanında Ər-Riyaddan ölkənin şimalındakı Əl-Hədit istiqaməti ilə birləşdirən marşrut lazımdır.
Beləliklə, 2023-cü ildə G20 sammitində elan edilmiş Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (IMEC) planı - Hindistandan Ərəbistan yarımadasına, oradan İordaniyaya quru yolu, daha sonra İsrail limanlarına və daha sonra Avropaya dəniz marşrutu nəzərdə tutur. Bu layihənin memorandumu Hindistan, ABŞ, Səudiyyə Ərəbistanı, BƏƏ, Fransa, Almaniya, İtaliya kimi ölkələr tərəfindən imzalanıb. Marşrut xəttindən göründüyü kimi, İsrail Avropaya dəniz marşrutu reallaşdırmaq istəyindədir və bu halda Misir itirən tərəf olacaq ki, İsrailin Qəzza ilə Misirin Rəfah məntəqəsindəki sərhəd xəttini ələ keçirmək məqsədi güdən hərbi əməliyyatları da elə buna yönəlib. Bunun üçün Filadelfiya dəhlizini ələ keçirmək mütləqdir ki, bu halda Misirin Süveyş kanalından gəlirləri azalacaq, çünki dəniz tranziti seqmentini İsrail ələ keçirəcək.
Digər tərəfdən, “odla su arasında qalan” Səudiyyə Ərəbistanı Çinin “Bir kəmər, bir yol” layihəsindəki əsas tərəfdaşlarından biridir: Səudiyyə Ərəbistanında çoxlu sayda infrastruktur layihələri Çin şirkətləri tərəfindən həyata keçirilir.
Bu layihənin həyata keçirilməsində əsas maneələrdən biri təhlükəsiz iqlimin olmamasıdır: daimi hərbi toqquşmalar ticarət axınına mane olacaq, çatdırılmada gecikmələr baha başa gələcək, üstəlik, yüklərin muzdlu silahlı qruplar tərəfindən yağmalanmayacağına hələ də zəmanət yoxdur.
Ankaranın da irəli sürdüyü Türkiyə-İraq layihəsinin həyata keçirilməsində təhlükəsizlik də əsas məqama çevrilir. 2023-cü ildə Türkiyənin nəqliyyat naziri Abdulkadir Uraloğlu bildirmişdi ki, layihə 2028-ci ilə qədər tamamlana bilər. Onun sözlərinə görə, 2025-ci ilə qədər Bəsrədə yerləşən böyük Əl-Fav limanı istifadəyə veriləcək. Fələstin-İsrail münaqişəsi fonunda ABŞ ordusu ilə silahlı İslam müqavimət qrupları arasında artan toqquşmalar hər iki ölkənin iddialı planlarına mane olur.
Sonda isə haşiyə çıxaraq qeyd edək ki, Ermənistan nümayəndə heyətinin fevralın 14-də İrana səfəri gərgin atmosferdə keçib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır. Yazıda qeyd olunur ki, Tehran İrəvanın “Rusiyanın Ermənistandakı mövcudluğunu aradan qaldırmasından” və Qərbə yaxınlaşmasından narazılığını bildirib. Qeyd olunur ki, İran prezidenti Rəisi “Ermənistanın təhlükəsizliyini təmin etmək” üçün Ermənistana Sünikdə (keçmiş Zəngəzur) hərbi baza yaratmağı təklif edib.
İranın Zəngəzur dəhlizinə qarşı müqaviməti aydındır, amma Rusiyanın Ermənistandan çıxarılam versiyasına qarşı özünün hərbi mövcudluğunu irəli sürəcəyi gözləniləndir. Bu hərbi mövcudluq İran üçün həm də niyə vacibdir?
Fevralın 19-da belə bir xəbər paylaşıldı ki, "Bank of Georgia"nın sahibi - BOGG PLC Ermənistanın ən böyük banklarından birini - "Ameriabank"ın səhmlərinin 100%-ni alıb. Əməliyyatın həcmi 303,6 milyon dollardır.
Fevralın 15-də isə şirkətin mətbuat xidməti “Bank of Georgia”nın Ermənistanın ən böyük banklarından biri olan “Ameriabank”ın alınması ilə bağlı danışıqlar apardığını xəbər vermişdi.
Burada maraqlı nüanslar var: “Ameriabank”ın səhmdarları “Imast Group” şirkəti (keçmiş “Ameria Group”, hansı ki, Ruben Vardanyan tərəfindən təsis edilib), Avropa Yenidənqurma və İnkişaf Bankı (17,71%), Asiya İnkişaf Bankı (13,91%), eləcə də ESPS Group (buraya 12,05 %-lə Ameria Group menecerləri) daxildir.
Gürcüstanın "Bank of Georgia" bankı Londonda qeydiyyatdan keçmiş “Bank of Georgia Group” korporasiyasına aiddir. Müqaviləyə əsasən, BOGG PLC bankın əsas səhmdarı olacaq, lakin Avropa Yenidənqurma və İnkişaf Bankı onun 10%-ni özündə saxlayacaq. Sövdələşmə layihəsi Britaniya maliyyə bazarı tənzimləyicisi (Financial Conduct Authority) tərəfindən təsdiqlənib.
"Bank of Georgia Group" London Fond Birjasında ticarət edir və onun FTSE 250 indeksinə daxil olduğunu nəzərə alsaq, əməliyyat başa çatdıqdan sonra “Ameriabank” beynəlxalq maliyyə bazarlarından kapital cəlb etmək üçün yeni imkanlara malik olacaq.
Ən maraqlısı isə odur ki, “Bank of Georgia Group”un səhmdarları arasında “JP Morgan”, “BlackRock”, “Vanguard Group”, “Schroders”, “Norges Bank Investment Management” kimi dünyanın bir sıra ən nəhəng maliyyə korporasiyaları var. Bu da o deməkdir ki, Ermənistanın da Hindistanla yaxınlaşması fonunda və İranın dizayn etdiyi tranzit dəhlizlərinə, eləcə də Hindistanın tranzit dəhlizinə hansısa formada qoşulması versiyasında formal olaraq Gürcüstanın simasında təmsil edilən, amma sahibləri dünyanın maliyyə nəhəngləri olan korporasiyalar İrəvanı maliyyə baxımından nəzarətdə saxlayacaq.
Ülviyyə ŞÜKÜROVA