Narkotik müsadirəsi azalırsa, narkomanların sayı da aşağı düşür? – RƏQƏMLƏRLƏ REALLIQ ARASINDAKI ZİDDİYYƏT

Ötən illə müqayisədə Respublika Narkoloji Mərkəzinə müraciət edənlərin sayı 2031 nəfər artıb...

Azərbaycanda narkomaniyaya və narkotik ticarətinə qarşı mübarizənin ümumi vəziyyəti rəsmi statisik rəqəmlərdə qismən əks olunur. Xüsusilə, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsi ilə Mübarizə üzrə Dövlət Komissiyasının hesabatlarında bu haqda daha dolğun məlumatlar verilir. Amma bütün bunlar heç də ölkədəki ümumi durumu tam şəkildə göz önünə sərmir. Belə ki, hesabatlara göz atanda, vəziyyətin get-gedə müsbətə doğru dəyişdiyi təsəvvürü yaransa da, ölkədəki narkomanların sayı rəsmi statistikada göstəriləndən dəfələrlə artıqdır…

Lakin biz bu yazımızda rəqəmlərlə təsvir olunan vəziyyətə nəzər salmağa çalışacağıq. Məsələn, 2025-ci ilin yanvar-mart ayları ərzindəki göstəricilərə baxsaq, aydın olar ki, bu müddətdə ümumilikdə 2325 cinayət faktı aşkarlanmışdır. Onlardan 679-u narkotik vasitələrin qanunsuz satışı, 1638-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 6-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 2-si bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

2024-cü ilin yanvar-mart ayları ərzində ümumilikdə 2909 cinayət faktı aşkarlanmışdır. Onlardan 821-i narkotik vasitələrin qanunsuz satışı, 2076-sı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 12-si narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı olmuşdur.

Burada bir nüans maraqlıdır – 2025-ci ilin yanvar-mart aylarında aşkarlanan 2325 cinayət faktının 679-u narkotik vasitələrin qanunsuz satışına aiddir, bəs narkotik vasitələrin qanunsuz əldə edilib saxlanmasına aid olan 1638 cinayət faktı satışa aid deyil? Bunun ayrılması məntiqlidirmi? Yəni narkotik vasitəni qanunsuz əldə edib saxlayan onu satmaq üçün saxlamırmı? Əgər bu şəxsin saxladığı narkotik miqdarı şəxsi istifadə miqdarını aşırsa, demək onu satmaq üçün saxlayıb, şəxsi istifadə üçün yox…

Müsadirə olunan narkotikə dair vəziyyət də maraqlıdır.

2025-ci ilin yanvar-mart aylarında aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə 2 ton 205 kq 009, 782 qram müsadirə olunub.

2024-cü il yanvar-mart aylarında aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunan narkotikin həcmi 1 ton 787 kq 303,666 qram olub.

2025 yanvar-mart dövründə müsadirə olunmuş 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 908 kq 958,14 qramını marixuana, 137 kq 897, 45 qramını heroin, 50 kq 206,512 qramını tiryək, 30 kq 759,3 qramını həşiş, 21 kq 101,767 qramını digər narkotik vasitələr və 56 kq 086,613 qramını psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 2174 ədəd metadon, 15 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.

2024 yanvar-mart dövründə müsadirə olunmuş 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin 271 kq 179,209 qr-nı heroin, 1 ton 351 kq 080,549 qr-nı marixuana, 53 kq 146,627 qr-nı tiryək, 23 kq 560,45 qr-nı həşiş, 80 kq 107,451 qr-nı psixotrop maddələr,8 kq 229,38 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 690 ədəd metadon həbi, 135 ədəd çətənə kolu və 186,3 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

MARAQLI NÜANS – 2025-ci ilin yanvar-mart ayları dövründə müsadirə olunmuş 2 ton 205 kq 009, 782 qram müxtəlif növ narkotik vasitələrin 1 ton 908 kq 958,14 qramını (86,5 %) marixuana təşkil etmişdir, onun da 1 ton 729 kq 225,74 qramı (90,5%) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. Böyük ehtimalla bu xarici ölkə İrandır. 179 kq 732,4 qramı (9,4 %) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir. Yəni 1 ton 908 kq 958,14 qram marixuananın 179 kq 732,4 qramı (9,4 %) Azərbaycan ərazisində becərilib. Əgər ölkə daxilində marixuana əkin-biçini, istehsalı varsa, demək, daxili bazarda da “yerli məhsulun” payı var. Amma ölkə ərazisində əkilən marixuananın tərkibi İrandan gələn marixuana kimi psixotrop maddələrlə zənginləşdirilmiş deyilsə (yəqin ki, bizdə marixuananı zənginləşdirən texnologiya yoxdur) və daha çox uyuşdurucu olmayan yabanı çətənə sinfinə aiddirsə, bu yalnız statistik göstəricini şişirdir… Bəs, bu yabanı uyuşdurucu olmayan çətənəni kultivasiya edənlər cinayətkar kimi tutulursa, bu məsələ ümumi marixuana müsadirəsinin statistik rəqəmləri, narkotik əməliyyatları, həbs edilənlərin statistik rəqəmləri ilə oynamağa imkan verirmi?

Davam edək – 2025-ci ilin yanvar-mart aylarında qanunsuz dövriyyədən çıxarılmış 2 ton 205 kq 009, 782 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 58 milyon 539 min AZN kimi qiymətləndirilir.

2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36.000 min AZN kimi qiymətləndirilir.

2025-ci ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1068 nəfər cəlb edilmiş, onlardan 18 yaş-1 nəfər, 18-25 yaşadək 68 nəfər, 26 - 29 yaşadək 175 nəfər, 30 yaş və ondan yuxarı isə 824 nəfər təşkil edir. Həmin şəxslərdən 1034-ü kişi, 34-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 28 nəfəri xarici ölkə vətəndaşıdır. Məsuliyyətə cəlb edilmiş 28 xarici ölkə vətəndaşından 13-ü İran İslam Respublikası, 5-i Rusiya, 4-ü Gürcüstan, 5-i Türkiyə, 1-i Ukrayna vətəndaşı olmuşdur.

2024-ci ilin yanvar-mart aylarında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 1615 nəfər cəlb edilmiş, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş 22 nəfəri xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Ümumi mənzərəyə görə, 2025-ci ilin yanvar-mart aylarında cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin sayı azalıb, amma 2024-cü ilin eyni dövr üçün məlumat detallı verilməyib. Lakin 28 nəfər xarici vətəndaşın həbsi göstəricisi ötən ilin eyni dövründə olduğundan qismən çoxdur.

2025-ci ilin yanvar-mart göstəricilərinə görə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 22317 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1202 nəfərdən 696 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

2024-cü ilin eyni dövründə isə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 20286 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Belə görünür ki, 2025-ci ilin yanvar-mart dövründə 2024-cü ilin eyni dövrü ilə müqayisədə Respublika Narkoloji Mərkəzinə müraciət edənlərin sayı 2031 nəfər artıb. Yəni narkomanların sayının azalmasından yox, artmasından söhbət gedir, hərçənd bu rəqəmlərlə narkomanların statistikasını ölçmək nisbidir. Məlumdur ki, onların əksəriyyəti dispanserə müraciət etmir. Eləcə də narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1202 nəfərdən 696 nəfərinin istifadəçi olması 2024-cü ilin yanvar-mart aylarında bu məqsədlə tibbi müayinədən keçirilmiş 604 nəfərdən 418 nəfəri istifadəçi ilə müqayisə edilməsi artımdan xəbər verir. Amma müayinəyə istiqamətləndirilən 22317 nəfərin 1202 nəfəri istifadəçidirsə, qalanlarla bağlı vəziyyətin nə yerdə olması sualı açıq qalır.

Sonda isə belə bir sual yaranır: əgər müsadirə olunan narkotik azalıbsa, bu o deməkdirmi ki, ölkəyə gətirilən narkotikin həcmi də aşağı düşüb? Belə olsaydı, narkomaniya fonu da eyni templə aşağı düşməli idi. Bunu isə ölkədə narkomanların sayının azalıb-azalmamasından müəyyən etmək olardı, amma təəssüf ki, narkomanların dəqiq sayı məlum deyil. Deməli, müsadirə olunan narkotikin sayının azalması, ölkəyə gətirilən narkotikin sayının azalması demək deyil. Əksinə, gətirilən narkotikin müsadirədən yayındırılması, bazarda alıcısına çatmasıdır. Təəssüf ki, narkomanların sayı və onların adambaşına istehlak etdiyi narkotikin miqdarı, istifadə olunan narkotik növlərindən hansının üstünlük təşkil etdiyini bilmirik. Bunu müəyyən edən heç bir alətimiz yoxdur…

Ülviyyə ŞÜKÜROVA

Stopnarkotik.az

P.S. Araşdırmalarımız davam edir.