Daşkəsən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 3 saylı tam orta məktəbində narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Stopnarkotik.az xəbər verir ki, tədbirdə çıxış edən RPŞ əməkdaşları narkotik vasitələrin insan sağlamlığına, ailəyə və cəmiyyətə vurduğu ağır fəsadlardan bəhs edərək, gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Bildirilib ki, narkomaniya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, eyni zamanda valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin birgə məsuliyyətidir.
Görüş zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb. Tədbirin əsas məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği və narkotik vasitələrə qarşı düzgün mövqenin formalaşdırılması olub.
