Tahir Kərimli: “Bir sıra şəxslərin narkomaniyanı himayə etməsi nəticəsində yayılma arealı genişlənir”
“İstər Azərbaycanın özündə əkilib-becərilən, istehsal olunan, istər də xaricdən daxil olan sintetik narkotik maddələrin qarşısının alınması üçün çox ciddi proqrama ehtiyac var”
“Mənim qabağımda iki şərt qoyuldu: dedilər ya səni işdən çıxarmalıyıq, ya da səni öldürəcəklər...”
Narkomaniyaya və narkoticarətə qarşı mübarizə bütövlükdə cəmiyyəti təhdid edən və çıxış yolunun tapılması vacib olan başlıca problemlərdəndir. Hansı ki, bu məsələ həm cəmiyyətin sağlamlığı, həm də dövlətin varlığı üçün mühüm əhəmiyyət kəsb edir.
Təsadüfi deyil ki, ölkənin qanunverici orqanı olan Milli Məclisin deputatları arasında da bu problemin həll olunması ilə təkliflər irəli sürülür. Bu məsələdə daha çox aktivlik göstərən millət vəkillərindən biri də Tahir Kərimlidir. Odur ki, mövzu ilə bağlı Tahir Kərimli ilə söhbətləşib, onun narkomaniya və narkotik ticarətinin qarşı alınması ilə bağlı təkliflərini daha ətraflı şəkildə öyrənməyə çalışdıq.
- Tahir müəllim, bu ilin fevral ayında Milli Məclisin insan hüquqları üzrə komitəsinin iclasında Ombudsmanın 2023-cü il üzrə məruzəsinin müzakirəsi zamanı bildirmişdiniz ki, cəzaçəkmə müəssisələrindəki məhkumların yarısından çoxu narkotik istifadəçiləridir. Sizcə, cəmiyyət olaraq bu bəladan necə xilas ola bilərik?
- Bəli, təşəkkür edirəm. Onu da deyim ki, mən özüm də Milli Məclisin iclasında məsələ qaldırmışam ki, bu gün həbsxanalarda, təcridxanalarda olanların yarıdan çoxu narkotikdən istifadə etdiklərinə görə orada cəza çəkirlər. Bir sıra dövlətlərdə bu, ümumiyyətlə, cinayət sayılmır. Mən o vaxt bir təklif irəli sürdüm ki, ümumiyyətlə, həmin maddənin istifadəsini Cinayət Məcəlləsindən çıxarmaq lazımdır. Narkomanları müalicə müəssisələrinə yönəltmək lazımdır. Nəyə görə mən bu qənaətdəyəm? Cəmiyyətdə olan narkomanların çoxu cəmiyyətdə qalır, amma bir hissəsi azadlıqda olur. Belə çıxır ki, bu cinayəti törədənlərin yarısı çöldədir, yarısı azadlıqdadır. Birincisi, bu, ədalətsizlikdir. Dövlət orqanları həm azadlıqdan məhrumetmə yerlərində, eyni zamanda həm polis, müstəntiq və digər orqanlar hədsiz dərəcədə buna vaxt sərf edirlər. O cinayət işinin aparılmasına həm vəsait, həm də zaman gedir. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, bu insanların sayəsində Azərbaycanda həddən çox məhkumluq yaranır.
Eyni zamanda, sizə bir söz də deyim, bu insanların özlərinin də şəxsi həyatı sınır, məhkumluq yaşayırlar. Yəni onların şəxsi tərcümeyi-halında məhkumluq olur ki, onlar gələcəkdə psixoloji cəhətdən bundan çıxa bilmirlər. Hara getsələr işə düzələ bilmirlər və s. Ona görə, mənim birmənalı mövqeyim bundan ibarətdir, necə ki, həm komitə iclaslarında, həm də plenar iclaslarında səsləndirmişəm. Ombudsman da sağ olsun, bunu deyib, biz də ümumiyyətlə bu məsələdən çıxmalıyıq. Məsələn, həmin sərf edilən vəsaitin yarıdan azını istifadə etməklə müalicə müəssisələri yarada, narkomanları orada məcburi müalicəyə cəlb edə bilərik, nəinki məhkum edib həbsxanalarımızı dolduraq.
- Sizcə, dövlətin günbəgün sayları çoxalarn narkomanların müalicəsi üçün yetərli resursları varmı?
- Mən özümün təhlilimə, istintaq-təhqiqat orqanları və azadlıqdan məhrumetmə yerlərindən çəkdiyim misallara əsasən hesab edirəm ki, bu məhkumlara çəkilən vəsaitin hətta yarıdan azını sərf etməklə, onları müalicə edə bilərik. Məsələn, müalicə mərkəzləri tikərək, oraya kontingent və digər personalları cəlb etməklə onları müalicəyə yönəltmək olar. Hətta bunu həmin vəsaitin yarıdan azını sərf etməklə yerinə yetirmək olar. Büdcəyə də əlavə güc düşməz.
- Tahir müəllim, sizin də qeyd etdiyiniz kimi, narkomanların həbsi məsələsində cəmiyyətimizdə ədalətsizlik mövcuddur. Belə ki, maddi imkanı olan narkotik istifadəçiləri azadlıqda qalır, maddi imkanı olmayanlar isə həbsə düşür. Bu, əslində narkomaniyanın yayılmasına şərait yaradan daha bir alət rolunu oynamırmı?
- Əslində, sizin sualınızda elə həm də cavab var. Ona görə mən deyirəm ki, narkomaniyaya qarşı mübarizədə biz elə bir proqram, elə bir sistem yaratmalıyıq ki, burada sui-istifadə hallarına, tamahkarlıq hallarına yol verilməsin. Yəni bu məsələnin ört-basdır edilməsi, ədalətsiz qərarlar verilməsi, onlar arasında seçim edlməsi imkanları minimuma endirilsin. Şübhəsiz ki, siz deyənlər mövcuddur.
- Yeri gəlmişkən, bu günlərdə həmkarınız Siyavuş Novruzov da narkotilərlə mübarizənin ciddiləşdirilməsi təklifini irəli sürdü. Sİz mübarizənin ciddiləşdirilməsi yollarını necə görürsünüz?
- Bilirsinizmi, ümumiyyətlə mən hesab edirəm ki, ciddi hazırlaşıb, dövlət proqramı qəbul etməliyik. Çünki bu, açıqdan-açığa cəmiyyətə böyük təhdiddir. Misal üçün, hamının gözünün qabağında Bakı şəhərində və yaxud da rayonlarımızda narkomaniyanın çox geniş yayıldığının şahidi oluruq. Əslində, rəsmi rəqəmlərlə faktiki rəqəmlər üst-üstə düşmür. Narkomaniya həddən çox kütləni əhatə edir, gənclərimizi sıradan çıxarır. Yəni potensial olaraq artıq dövlət təhlükəsizliyi təhdid olunur. Nəyə görə? Gənclər narkomaniyaya qoşulmaqla elmdən, təhsildən uzaq qalırlar, istehsalda çalışmırlar, özlərinə normal həyat qurmurlar ki, bu da bizim gələcəyimizə böyük zərbədir. Hesab edirəm ki, bir proqram qəbul edib, həmin proqrama aidiyyəti qurumları, o cümlədən hüquq-mühafizə orqanlarını cəlb etməklə, biz ciddi dəyişikliklər etməliyik.
Bu nöqteyi-nəzərdən narkomaniyanın xaricdən Azərbaycana idxalının qarşısını almaqla, açıqca bildirəcəyəm, eyni zamanda bir sıra şəxslərin narkomaniyanı himayə etməsi nəticəsində yayılma arealı genişlənir. İstər bu arealın daraldılması, istər Azərbaycanın özündə əkilib-becərilən, istehsal olunan, istər də xaricdən daxil olan sintetik narkotik maddələrin qarşısının alınması üçün çox ciddi proqrama ehtiyac var ki, buraya bütün dövlət sistemini, bütün cəmiyyətimizi cəlb edib, birgə mübarizə aparmalıyıq. Yoxsa, açığını deyim, əgər bu gün yuxarıdan - ən yüksək səviyyədə belə bir proqram qəbul etməsək, bizim əlahiddə mübarizəmiz səmərə verməyəcək, narkomaniyanın qarşısını ala bilməyəcəyik. Çünki narkomaniya bəzilərinə hədsiz sərvət toplamağa imkan verir. Bu tamahkarlıq bizim balalarımızı əlimizdən almağa davam edir...
- Sizin qeyd etdiyiniz kimi, tamahkarlıq məqsədilə narkomaniyanı yayanlar konkret olaraq dövlətə qarşı düşmənçilik edirlər...
- Sizə sovet dövründən bir misal çəkim. O zaman mən hakim işləyirdim. Mənə məlumat verdilər ki, siz narkotik maddələrin ləğvi barədə qərar çıxarmısınız, amma onu bir hissəsini yandırırlar, çox böyük bir hissəsi isə tədavülə buraxılır. Elə oldu ki, ondan sonra mən özüm şəxsən narkotik maddələrin ləğvində iştirak etdim. Bilirsiniz nə oldu? O vaxt mobil telefonlar da yox idi, hakim oturacağına oturana qədər məni yuxarıda axtardılar. Bakıya dəvət etdilər, çox ağır söz dedilər ki, sən nə üçün bu işlərə belə ciddi müdaxilə edirsən və s. Təsəvvür edirsinizmi? Yəni sovet dövründən narkomaniya böyük bir bəladır. Yəni narkomaniya himayə olunmasaydı, olmazdı. Ona görə mən sizə misal çəkdim ki, bu, nə qədər çətin bir məsələdir. Hətta mənim qabağımda iki şərt qoyuldu: dedilər ya səni işdən çıxarmalıyıq, ya da səni öldürəcəklər. Bu nə işdir, nə üçün sən müdaxilə edirsən, mane olma, və s. Ona görə, mən işi kökündən bilən adamam.
Yaxud da əkin əkirdilər, bilirdilər ki, mən qadın tutmuram, bir ildə az qala yüzə yaxın narkotik maddələrin əkilməsi məsələlərinə baxırdıq, o işləri hamısını elə təqdim edirdilər ki, guya onların hamısı qadınlardır. Qadınlar da gəlirdi, ana-bala deyirdilər ki, hə, mən əkmişəm, becərmişəm. İstintaqda qadınları irəli verirdilər, bütün məsuliyyət qadınların üstündə qalırdı, təqsirkarlar, kişilər kənarda qalırdı. Qadınları da necə tutasan, qalırsan başına döyə-döyə. Əgər il ərzində narkotik əkini ilə bağlı 70 iş daxil olurdusa, onların hamısı qadın olurdu. Qadınları verirdilər məhkəməyə, mənim də o vaxt gücüm çatmırdı 70 işin hamısını geri qaytarım, orqanlarla vuruşum. Bax, belə halları bilirəm.
Bu tendensiya davam etdi, qarşısını almaq çətin oldu. Təəssüf ki, narkomaniya çox geniş yayılır. Ona görə mən deyirəm ki, proqram lazımdır. Bütün orqanların qarşısında ciddi vəzifələr qoyulsun, mübarizə aparılsın. Vətəndaşlar da orada iştirak etməlidir, dövlət də.
Söhbətləşdi: Asya ŞÜKÜROVA
Stopnarkotik.az