Naftalanda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, Baş Cinayət-Axtarışı İdarəsinin və Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus mənzilə qeyri-qanuni yolla daxil olaraq oradan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Keçirilən tədbirlər nəticəsində müəyyən edilib ki, Elvin Əhmədli, Hikmət Məmişov və Arif Vəliyev bir araya gələrək E. Əhmədlinin yaxın qohumunun mənzilindən oğurluq etmələri barədə razılığa gəliblər. Mənzil sahibinin ad günüdə E. Əhmədli mənzilin açarını qeyri-qanuni yolla ələ keçirərək A. Vəliyevə verib və sonuncu mənzilə daxil olaraq oradan 60 min manat nağd pul, 20 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Cinayət hadisəsini törətdikdən sonra A. Vəliyev H. Məmişovla birlikdə əldə etdikləri puldan bir qədər götürüb qalan hissəsini isə qardaşı Rasiv Məmmədzadəyə verərək saxlamasını istəyib.
Şübhəli şəxslərdən E. Əhmədli, H. Məmişov, R. Məmmədzadə maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, hazırda A. Vəliyevin saxlanılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.