Müəllimin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.

İttihama əsasən, hadisə 2026-cı il tarixdə Gədəbəy rayonunun Əyrəvəng kəndi ərazisində baş verib.

Belə ki, təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Kia Sorento” markalı avtomobillə relyefcə dağlıq olan, enişli və çınqıl örtüklü yolda hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozub.

Cinayət işinin materiallarında göstərilir ki, sürücü Vüsal Məmmədov “Yol hərəkəti haqqında” qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əməl etməyib. Həmin normaya görə, o, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, diqqətini daim yol şəraitinə yönəltməli, nəqliyyat vasitəsini təhlükəsiz idarə etməli və hərəkətin dayanıqlığını təmin etməlidir.

İstintaqın qənaətinə görə, təqsirləndirilən şəxs hərəkət etdiyi yolun çoxsaylı sərt döngələrdən və enişli hissələrdən ibarət olduğunu nəzərə almayaraq avtomobilin sürətini düzgün tənzimləməyib. Vüsal hadisənin qarşısını almaq üçün texniki imkanının olmasına baxmayaraq lazımi tədbirləri görməyib və hərəkətini davam etdirib.

Materiallarda qeyd olunur ki, sürücü döngəli yolu keçdikdən sonra idarəetməni itirib. Nəticədə avtomobil yolun sağ tərəfində yerləşən dərəyə doğru bir neçə dəfə yuvarlanaraq aşıb.

Hadisə zamanı avtomobildə olan sərnişinlərdən – 52 yaşlı Asəf Tapdıqov və 34 yaşlı Azadə Məmmədova ağır bədən xəsarətləri alıb. Aldığı xəsarətlər nəticəsində həmin şəxslər hadisə yerində həyatlarını itirib.

Qəza nəticəsində sürücü və digər sərnişinlər – 1990-cı il təvəllüdlü Vüsal Məmmədov, 2021-ci il təvəllüdlü Renat Məmmədov və 2020-ci il təvəllüdlü Amil Məmmədov ağır bədən xəsarətləri alıblar.

Məhkəmə istintaqı zamanı Vüsal Məmmədov ona Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini ifadə edib.

Qeyd: Həyatını itirən şəxslərdən biri Asəf Tapdıqov rayonun Çiçəkli kənd orta məktəbinin ingilis dili müəllimi olub. Azadə Məmmədova isə həmin məktəbin riyaziyyat müəllimi olan Rüfət Məmmədovun həyat yoldaşı olub./pravda.az