"Toplum TV” işi ilə bağlı media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) saxlanılıb.
Bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.
Ə.Əhmədoğlu barəsində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.
Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.
Ötən gün "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
***
Tanınmış media eksperti, "Toplum Tv"-nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli bu gün səhər saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Media ekspertinin qohumu Gülzar Məmmədli bildirib ki, saat 11.00 radələrində Məmmədli müayinə olunduğu "İstanbul" klinikasından çıxarkən saxlanılıb. Məmmədli maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
"Turan.az"-ın məlumatına görə, bu gün Xətai polisinin binası qarşısında III Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, onu qara rəngli avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı.
Xatırladaq ki, iki gün əvvəl "Youtube" platforması üzərindən yayımlanan "Toplum TV"-nin əməkdaşları, həmçinin III Respublika Platformasının təsisçiləri həbs edilib. Bu gün onların məhkəmə qarşısına çıxarılacaqları gözlənilir. Jurnalistlər qaçaqmalçılıqda ittiham olunur.