Kürdəmirdə 8-ci sinif şagirdi ərə verilib? - RƏSMİ AÇIQLAMA

Kürdəmirdə 8-ci sinif şagirdinin ailə qurması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunub.

Araşdırmalar zamanı qızın 14 yaşının olduğu məlum olub. Polis əməkdaşları yeniyetmənin valideynləri ilə izahedici söhbətlər aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Valideynləri isə həmin məclisin nişan mərasimi olduğunu, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra toyun keçiriləcəyini bildiriblər.

Bundan əlavə, yeniyetmənin qanunvericiliyə uyğun olaraq təhsilinə davam etməsinə və dərsə davamiyyətinə mütəmadi olaraq nəzarət olunacaq.