Kreml başçılarının Ermənistanda narkotik biznesi… - RUSİYA RƏHBƏRLİYİNİN AZƏRBAYCANDAKI NARKOTİCARƏTLƏ DƏ BAĞLANTISI VARMI?

Bu günlərdə Ermənistana banan qutularında külli miqdarda - 1 tondan çox heroinin gətirilməsi xəbər verilmişdi. Günlərdir istər mətbuatda, istər də sosial şəbəkələrdə bu qədər böyük həcmli narkotik maddənin sərhədləri necə aşaraq ölkəyə daxil olmasına dair müzakirələr gedir.

Stopnarkotik.az xəbər verir ki, dünən isə, yerli mediada Ermənistan Parlamentinin keçmiş deputatı Miqran Poqosyanın heroin gətirilməsi işində iştirakı barədə xəbər yayıldı. “Joxovurd” qəzeti haidsə barədə yazaraq bildirir ki, Miqran Poqosyan özü 1 ton heroinin aşkarlanması barədə xəbər verib, amma bu, onu xilas etməyəcək.

Qəzetin yazısından belə bəlli olur ki, Ermənistanın hüquq-mühafizə sistemində narkotik tacirlərinin arasında hansısa məsələdə fikir ayrılığı yaranıb və məsələ bu səbəbdən ifşa olunub. Ölkənin Milli Təhlükəsizlik Xidməti sabiq deputat Miqran Poqosyan və onun şirkətinin əməkdaşlarının həbsi prosesinə başlayıb.

Miqran Poqosyan

Bəs, narkotik ticarəti yalnız keçmiş deputatların canfəşanlığı sayəsində sərhədləri aşaraq özünə yol tapıb? Bu versiya o qədər də inandırıcı deyil. Çünki siyasi hakimiyyət daxilindən dəstək olmasa, 1 ton heroini rahat şəkildə sərhəddən keçirmək mümkün deyil.

Artıq dünən Ermənistanın Milli Təhlükəsizlik Xidməti “Mrqeni” şirkətinin faktiki sahibi Miqran Poqosyana, həmin şirkətin direktoru və anbar müdirinə qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsində və xüsusilə külli miqdarda satmaqda şübhəli bilinərək iş başlanıb.

Poqosyan ilə bağlı həbs qətimkan tədbiri seçilib, eks-deputat axtarışa verilib.

Xatırladaq ki, bu, Poqosyana qarşı ikinci axtarışdır. Maraqlı burasıdır ki, birinci axtarış cəhdində Nikol Paşinyan hökuməti uğursuzluğa düçar olub və Poqosyan hazırda Rusiyada qalmaqda davam edir, belə desək, sakit həyat tərzü sürür. "Poqosyan başqa adlar altında bizneslə məşğul olur və hətta daxili hüquq-mühafizə orqanlarına zəng edir”, - deyə "Joxovurd" qeyd edib.

Robert Koçaryan

Keçmiş deputatın Rusiyada yaşadığını və oradan Ermənistandakı narkoticarəti tənzimləmə işlərini yönlətdiyini nəzərə alsaq, belə anlaşılır ki, Poqosyanın hakimiyyət içində "əlbir çalışdığı işbirlikçiləri" Rusiyameylli məmurlar ola bilər. Yeri gəlmişkən, bu günlərdə Rusiyanın baş emissarı Robert Koçaryanın ABŞ-a biryolluq köçmək istədiyi haqda xəbərlər də yayıldı. Koçaryanın vaxtilə “Qarabağ klanı”nın başında durduğunu, onun hakimiyyəti dönəmində, eləcə də ondan sonra Qarabağda geniş miqyasda narkotik tarlalarının əkilib-becərildiyini, məhsulun xaricə ixrac edildiyini də diqqətə alsaq, ortaya qarmaqarışıq bir mənzərə çıxır. Belə anlaşılır ki, Rusiyadan Ermənistanın içindəki rusyönlü məmurları koordinasiya etməklə, narkoticarət idarə edilir.

Maraqlıdır, Rusiyanın Ermənistanda rusyönlü məmurları koordinasiya etməklə idarə etdiyi narkoticarət halqasının içində Xankəndində "lövbər salmış" Vardanyan, rus “sülhməramlıları” hansısa səviyyədə iştirak edir? Rusiya Vardanyanı Xankəndində ciddi-cəhdlə saxlamaqla, “sülhməramlılar”ın bölgədə qalmasında səy göstərməklə narkoticarət gəlirlərindənmi mərhum olmaq istəmir? Və ən önəmlisi, Azərbaycanda da Rusiyayönümlü məmurların simasında İranla yanaşı, Kreml başçılarının da narkoticarətdə rolu mövcuddurmu? Belədirsə, Rusiya hansı səviyyədə ölkə içindəki narkoticarətdə iştirak edir?

Stopnarkotik.az