KADIROVA ZƏNG, YERMAKIN SƏHVİ VƏ... - Ukraynada işğal öncəsi baş verənlərə dair maraqlı detallar açıqlanıb

Fevralın 24-də Ukraynaya qarşı işğalçılıq müharibəsinin 4 ili tamam olacaq. “AzPolitika” xəbər verir ki, bu ərəfədə “The Guardian” nəşri işğalın ilk günləri və ondan öncə baş verənlərə dair maraqlı detallar açıqlayıb.

Qəzet kəşfiyyat mənbələrinə istinadla yazır ki, 2022-ci il fevralın ikinci həftəsində Ukrayna sərhədçiləri Belarusda yerləşən Çeçenistan bölməsinin komandirindən Ramzan Kadırova göndərilən vacib bir mesajı ələ keçiriblər. Qəzetin məlumatına görə, komandir onun bölməsinin artıq təyin olunan yerdə olduğunu bildirib. Çeçen komandir Kadırova məruzəsində həmçinin, onların tezliklə Kiyevdə olacaqlarını da əlavə edib. Lakin bu siqnal da Ukrayna Prezidenti Volodimir Zelenskini tammiqyaslı işğalın qaçılmaz olduğuna inandıra bilməyib.

Nəşrin mənbələrinə görə, Ukrayna lideri daha çox yaxın müşaviri və Ukrayna Prezident Ofisinin keçmiş rəhbəri Andrey Yermakın məlumatlarına, fikirlərinə və qiymətləndirmələrinə etibar edib.

Məlumatlı mənbə qəzetə deyib ki, həmin vaxt Ukrayna Silahlı Qüvvələrinin o vaxtkı baş komandanı Valeri Zalujnı da daxil olmaqla, yüksək rütbəli komandanlığın böyük hissəsi mümkün hücuma qarşı ssenarilər hazırlayırdı, lakin yuxarıdan icazə alınmadan qoşunların hər hansı genişmiqyaslı hərəkəti mümkünsüz olduğundan, bu planlar kağız üzərində qalıb.

Yermak isə Prezident Zelenskini Rusiyanın sərhəddə qoşunlarının artırılmasının hibrid təzyiq müharibəsinin bir hissəsi olduğuna və tammiqyaslı işğala çevrilməyəcəyinə inandırmışdı. Bu mövqe, kəşfiyyatın konkret işğal siqnalları verməsinə baxmayaraq, Ukraynanın qabaqlayıcı reaksiyasını faktiki olaraq dayandırmışdı.

"Yermak rusiyalı həmkarları ilə müntəzəm olaraq əlaqə saxlayan azsaylı Ukrayna rəsmilərindən biri idi. O, Donbasla bağlı uzun sürən və dalana dirənmiş danışıqlar zamanı Putinin administrasiya rəhbərinin müavini Dmitri Kozakla tez-tez əlaqə saxlayırdı”, - deyə nəşr yazır.

Mənbə əlavə edib ki, həmin vaxt Kozak Yermakı Bayden administrasiyasının işğal xəbərdarlıqlarının panika xarakterli olduğuna, hərbi müdaxilənin olmayacağına inandırmışdı. Ona görə ki, Kozakın özü də Putinin işğala başlayacağını bilmir və buna inanmırdı. Mənbələrə görə, həmin vaxt hətta Kremldə belə, Xarici İşlər naziri Sergey Lavrov və Kremlin sözçüsü Dmitri Peskov da daxil olmaqla, əksər yüksək vəzifəli məmurlar Putinin planlarından xəbərsiz idilər.

O da bildirilir ki, işğal öncəsi Kremldə keçirilən məşhur iclasda Kozak Putinin “SVO qərarına” açıq şəkildə etiraz edib və buna qarşı çıxıb. Lakin sonradan onun çıxışı iclasla bağlı məlum videodan silinib. Etiraz edənlərdən yalnız Sergey Narışkinin dolaşıq çıxışı saxlanılıb.

Eyni məqalədə qeyd olunur ki, hələ 2021-ci ilin noyabr ayında - işğaldan 3 ay əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns Vladimir Putinlə görüşüb, təkbətək danışmağa çalışıb. Nəşr xəbər verir ki, ABŞ-nin o vaxtkı prezidenti Co Bayden Börnsü Kreml liderini Ukraynaya qarşı hərbi müdaxilənin fəlakətli iqtisadi və siyasi nəticələri barədə xəbərdar etmək üçün göndərib. Lakin COVİD paranoyası yaşayan Putin onunla görüşməkdən imtina edib və onların arasında yalnız telefon danışığı baş tutub. Bu danışıq isə heç bir müsbət nəticə verməyib.

Əməliyyatların başlamasından əvvəlki həftələrdə artıq Amerika kəşfiyyat orqanları Putinin Ukraynaya müdaxilə planlaşdırdığına dair siqnallar verib.

Həmçinin qeyd olunur ki, 2022-ci il 24 fevralda - Rusiyanın Ukraynaya tammiqyaslı hücumu günündə Zelenski Britaniyanın o vaxtkı Baş naziri Boris Consona zəng edərək onu Vladimir Putinə zəng edib müharibəyə son qoymağa inandırmasını istəyib. Ancaq bütün bu cəhdlər heç bir nəticə verməyib…/azpolitika.info