Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib.
Bu barədə “Haber Global” xəbər verir.
Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğun bir müddətdir ondan ayrılmadığını bildirib. “Toyuq işə də, gəzməyə də mənlə gedir. Bir müddətdir məndən ayrılmır. Birlikdə səs verdik. Düzdür, onu vətəndaş kimi qəbul etmədilər, amma səsvermə hüququmdan birlikdə istifadə etdik", - o deyib.
Qeyd edək ki, Türkiyədə qarşıdan gələn beş il ərzində xidmət göstərəcək yerli özünüidarə orqanlarına seçkilər keçirilir. Bu seçkilərdə ölkənin otuzu böyük şəhər olmaqla 81 vilayət, 973 rayon və 390 qəsəbəsində bələdiyyə şuralarının başçıları və tərkibi, həmçinin 50 min 336 kənd və məhəllə muxtarı müəyyən ediləcək.
Ümumilikdə 61 milyon 441 min 882 səsvermə hüququna malik Türkiyə vətəndaşından 1 milyon 32 min 610 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək.
AK Parti, Milliyyətçi Hərəkat (MHP), Böyük Birlik və Yenidən Rifah partiyalarından ibarət Cumhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi ölkənin sabiq ətraf mühit və şəhərsalma naziri Murat Kurum, Ankara üzrə namizədi isə türk siyasətçi və paytaxtın Keçiören Rayon Bələdiyyəsinin mövcud sədri Turqut Altınokdur.
Türkiyənin ən böyük müxalif Cümhuriyyət Xalq Partiyasının İstanbul və Ankara üzrə namizədləri isə hazırkı bələdiyyə sədrləri Əkrəm İmamoğlu və Manasur Yavaşdır.