İşdən çıxarılan polkovnik-leytenant nazirliyi məhkəməyə verdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Mərkəzinin keçmiş əməkdaşı, polkovnik-leytenant Rəşad Feyzullayev nazirliyi məhkəməyə verib. 

Stopnarkotik.az qaynarinfo-ya istinadən xəbər verir ki, Rəşad Feyzullayevin iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.

Mehriban Qarayeva iş üzrə hakim təyin edilib. İşin mahiyyəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Məhkəmə prosesinin vaxtı müəyyənləşməyib. 

Ehtimal olunur ki, Rəşad Feyzullayev işdən çıxarılmasını əsassız hesab edir. Bu baxımdan, məhkəməyə müraciət edib. 

Rəşad Feyzullayev ötən il işdən azad edilib. Mediada gedən məlumatlara görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun göstərişi ilə FHN-in Tibb Mərkəzinin Modul Tipli Hospitalında yoxlamalar aparılıb. 

Yoxlamalar nəticəsində qanun pozuntuları aşkarlanıb. Həmçinin məlum olub ki, koronavirus xəstələri üçün nəzərdə tutulan 650 min manatlıq dərman ləvazimatlarının məhv edilib. Bundan başqa, FHN-in vəzifəli şəxslərinin sərəncamında olan dərmanların vaxtı keçsə də, onlar TƏBİB-ə təhvil verilməyib.

Yoxlamalardan sonra Rəşad Feyzullayev vəzifəsindən azad olunaraq, sərəncama götürülüb.