"İçəri"nin söhbəti çöldə qanla bitdi - Keçmiş məhkum tanışını öldürdü

Bakıda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinən Etibar Qəhrəmanovun cinayət işi üzrə təfərrüatlar məlum olub.

Qətl hadisəsi Xəzər rayonunun Binə qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü Etibar Qəhrəmanov həmyerlisi, 1983-cü il təvəllüdlü Orucəli Xanzadəni bıçaqlayaraq qətlə yetirib.

İstintaq araşdırması zamanı onların hər ikisinin əvvəllər məhkum olunduqları üzə çıxıb.

Təqsirləndirilən şəxs qismində dindirilmiş Etibar Qəhrəmanov ifadəsində bildirib ki, günorta saatlarında evinin yaxınlığında olan kafedə oranı işlədən Rəşadla çay içib. Bir müddətdən sonra kafeyə onunla bir yerdə 17 saylı cəzaçəkmə müəssəsində cəza çəkmiş məhkum yoldaşları Cavad, Fərəməz, Cavid və Orucəli gəliblər. Orucəli ilə şəxsi yaxınlığı olmasa da, onu da Binə qəsəbəsinin sakini kimi tanıyıb. Təxminən 5-6 ay eyni vaxtda cəza çəkiblər. Ancaq fərqli korpuslarda saxlanıldıqlarından bir-birlərini görməyiblər. 

Hamı bir masada əyləşib. Həmin vaxt kafenin içərisində onlardan başqa müştəri olmayıb. Mülayim söhbət edib, deyib-gülüblər. 

Etibar "eşitmişəm, 17 saylı cəzaçəkmə müəssəsində vəziyyətə sən baxmısan" deyərək Orucəli ilə zarafat edib. Sonuncu da ona hansı əsasla belə danışdığını və heç vaxt elə söz demədiyini bildirib. Etibar Orucəliyə onun barəsində yaxşı sözlər eşitmədiyini və hər kəsə sataşdığını dedikdə, tanışı cavabında "sən kimsən ki, məndən sənə şikayət etsinlər?" deyib. Bu səbəbdən aralarında mübahisə baş verib.

Ətrafda oturanlar mübahisənin böyüməməsi üçün Orucəlini sakitləşdiriblər. Həmin ərəfədə tanışı Hatəm Bağırov kafeyə gələrək görüşüb onların stolu arxasında oturub. Xanzadə yenidən qəzəblənərək onu tanımadığını və tanımaq istəmədiyini deyəndə Qəhrəmanov cavab olaraq gülümsəyib. Əsəbiləşsə də, bunu büruzə verməyib. 

Evində təmir işləri görən zaman istifadə etdiyi bıçaq sağ cibində olub. Orucəlinin dediklərini özünə təhqir kimi qəbul edib. Ayağa qalxaraq heç nə demədən sakit şəkildə yaxınlaşıb, bıçaqla ona bir neçə zərbə endirib. Ətrafda olan şəxslər onu ayırmağa çalışaraq Orucəlini kafedən çölə çıxarıblar. O da əsəbi şəkildə ardınca çıxıb, yenidən Xanızadəyə dəfələrlə bıçaqla zərbələr vurub. İçkili olduğundan sonarısını dəqiq xatırlamır. 

Hadisədən sonra kafedən çıxaraq əvvəlcə evinə, oradan isə birbaşa polis şöbəsinə gedərək  təslim olub. Şöbədə Orucəlinin öldüyünü bilib. 

Məhkəmə prosesində Etibar Qəhrəmanov ittiham üzrə özünü təqsirli bilib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. 

Sonda məhkəmənin hökmü ilə Etibar Qəhrəmanov 18 il müddətinə zadlıqdan məhrum olunub./olke.az