Hər ay tonlarla narkotik sərhəddən necə keçir? – DSX SƏRHƏDİMİZƏ NƏZARƏT EDƏ BİLMİR, YOXSA...

Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın sürətlə yayılması dövlətimizi təhdid edən əsas problemlərdən biridir. Heç də təsadüfi deyil ki, xüsusən də son 2-3 il ərzində Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti dövlət qurumları bu sahədə ciddi mübarizə aparırlar. Bu mübarizədə, təbii olaraq, ən böyük yük Daxili İşlər Nazirliyi (DİN), Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə düşür. Belə ki, DİN daha çox daxildəki narkotik satışının qarşısını almağa məsul olsa da, DSX və DGK ölkəyə gətirilən hər qram narkotik maddəyə görə cavabdehlik daşıyırlar.

İlk baxışdan belə anlaşılır ki, hər 3 qurum bu sahədə əlindən gələni etməyə çalışır. Aylıq statistikaya nəzər saldıqda görürük ki, DİN hesabat dövründə ən azı 700-800 nəfər narkotik alverçisini yaxalayıb, DSX 5-6 fakt üzrə ölkəmizə İrandan daxil olan narkotik vasitələrin qarşısını almağı bacarıb, DGK isə 1-2 dəfə gömrükdən ölkəmizə narkotik keçirilməsini önləyib. Lakin ümumi rəqəmləri qarşılaşdırdıqda ortaya belə bir mənzərə çıxır ki, ölkə daxilində istər DSX-nın, istər də DGK-nın ay ərzindən sərhəddə aşkarladığı narkotik vasitələrdən dəfələlər artıq narkotik ələ keçirilir. Üstəlik, biz bunu təkcə DİN-in gündəlik, yaxud aylıq açıqladığı rəsmi statistik göstəricilərə əsasən deyirik. Kimsəyə sirr deyil ki, bu və ya digər səbəblərdən rəsmiyyətə salınmayan əməliyyatlar da olur. Hansı ki, bunların hər birində külli miqdarda narkotik ələ keçirilir. Lakin biz bu məsələnin üzərindən keçərək, sadəcə rəsmi rəqəmlər əsasında fikrimizi davam etdirək(Oxucularımız rəsmi göstəricilərlə Stopnarkotik.az saytının yazı şəklində hazırladığı aylıq hesabatlarında tanış ola bilərlər – red.).

**

Onu da qeyd edək ki, müvafiq qurumlar tərəfindən aşkar olunan narkotik vasitələrdən dəfələrlə artığının da “istehlakçılar” tərəfindən istifadə olunduğu şübhəsizdir. Təkcə 2023-cü ilin rəsmi statistikasına əsasən, ölkəmizdə 34 min 602 nəfər aktiv narkotik istifadəçisi var. Bəzi narkoekspertlər isə bu rəqəmin reallıqda 10 dəfə artıq olduğunu iddia edir. Deməli, burada heç də aylıq 30-50 kq deyil, 3-5 ton narkotik maddə istifadə olunmasından söhbət gedir. Bütün bunlar isə onu deməyə əsas verir ki, ay ərzində istər ölkə daxilində DİN tərəfindən aşkarlanan, istər də DSX və DGK-nın sərhəddə ələ keçirdikləri narkotik vasitələr Azərbaycana gətirilən və burada istehlak olunan narkotikin cüzi hissəsidir(Növbəti yazımızda bu haqda daha ətraflı məlumat verməyə çalışacağıq – müəl.). Nəzərə alsaq ki, ölkə daxilində narkotik vasitələrin istehsalı yox səviyyəsindədir, üstəlik, aşkar olunan maddələr əsasən İran mənşəlidir, deməli, burada bir daha DSX və DGK-nın məsuliyyət payı ön plana çıxır.

**

Son vaxtlar aparılan müşahidələrə əsasən onu da deyə bilərik ki, İrandan ölkəmizə ucuz narkotik axını əsasən sərhəd xətti boyunca, xüsusən də Cəlilabad, Füzuli-Beyləqan, Yardımlı istiqamətindən həyata keçirilir. Bir halda ki, SSRİ dönəmində cənub sərhədimiz çox ciddi şəkildə qorunurdu, necə deyərlər, biz tərəfə heç quş da uça bilmirdi, indi bu sərhəd zonasından ay ərzində tonlarla narkotik daşınmasına bir anlam vermək olmur. Kimsəyə sirr deyil ki, indi müasir texniki avadanlıqlar hesabına sərhədd xəttimizi  qaçaqmalçıların üzünə qapamaq illər öncəyə nisbətən daha asandır. O zaman nə üçün hələ də sərhədimizə tam nəzarət edə bilmrik? Bəzən adamda elə təəssürat yaranır ki, sanki narkotik sərhəddən sərbəst şəkildə keçir, bu və ya digər səbəblərdən kimsə müdaxilə etmir.

Bu, həqiqətən də belədir, yoxsa DSX-nın əlində bizim iradlarımıza cavab verəcək tutarlı dəliləri mövcuddur? Hər halda qarşı tərəfin fikrini bilmək bizim üçün, şübhəsiz, həm də oxucularımız üçün maraqlı olardı.

Stopnarkotik.az

P.S. Mövzunu davam etdirəcəyik.