GÖZLƏNİLƏN “GÖZLƏNİLMƏZ” TERROR HÜCUMU – Niyə indi və niyə məhz “Crocus”da?

“Biz müharibə vəziyyətindəyik. Bəli, bu, xüsusi hərbi əməliyyat kimi başladı, amma kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevriləndə, bizim üçün artıq müharibəyə çevrildi. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün dərk etməlidir”.

Bunu dünən səhər Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib və onun ilk dəfə “xüsusi hərbi əməliyyatı” “müharibə” adlandırması böyük əks-səda doğurub. Hansı ki, bu, Rusiya qanunvericiliyi ilə cinayət məsuliyyəti yaradır və buna görə hazırda bəlkə də minlərlə rusiyalı həbsdədir.

Peskov əlavə edib ki, Rusiya öz sərhədləri yaxınlığında Krımı, eləcə də Donbası, Xerson və Zaporojye vilayətlərini öz nəzarəti altına qaytarmağı vəd edən dövlətin “mövcudluğuna icazə verə bilməz”.

Bundan cəmi bir neçə saat sonra "Crocus City Hall"-da məlum dəhşətli terror aktı baş verdi. Terror aktından dərhal sonra isə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev peyda oldu və hadisənin guya Ukrayna tərəfindən təşkil edildiyinə eyham vuran və həmişəki kimi qeyri-adekvat bir paylaşım etdi. Medvedevin sözlərinə görə, əgər bunu törədənlərin “Kiyev rejiminin terrorçuları” olduğu müəyyən edilərsə(?), o zaman onlarla və onların ideoloji ilhamvericiləri ilə başqa cür danışmaq mümkün deyil: “Onların hamısı terrorçu kimi tapılmalı və amansızcasına məhv edilməlidir, o cümlədən belə vəhşiliyi törədən dövlətin rəsmiləri”. Son zamanlar Rusiyada belə bir deyim var ki, “Putinin ağlındakı Medvedevin dilindədir” və göründüyü kimi, artıq məlum terror hücumuna görə məsuliyyətin Ukraynanın üzərinə atılması istiqamətində təbliğat aparılır…

Əslində, Peskovun “de-fakto müharibədəyik” və “səfərbərlik” ifadələrini işlətməsi Kremlin səfərbərlik planlarının açıq anonsu idi. Lakin müharibədən bezmiş, döyüşmək istəməyənlərin artıq çoxdan ölkədən qaçdığı, pulla, yaxud könüllü döyüşənlərin isə artıq çoxdan Ukraynaya yollandığı, onların da bir hissəsinin tabutda qayıtdığı Rusiyada növbəti səfərbərliyi elan etmək və keçirmək elə də asan deyil. Səfərbərliyin birinci dalğası göstərdi ki, bu addım Ukrayna müharibəsini divanda oturub izləməyə və Rusiya ordusuna azarkeşlik etməyə üstünlük verən rusiyalılar tərəfindən qətiyyən dəstəklənmir. Əksinə, cəmiyyətdə kəskin narazılıq yaradır. Belədə həmin Rusiya “dərin xalqını” ayıltmaq və “ruhlandırmaq” üçün “motivasiya”ya ehtiyac var. Elə bu anda da “Crocus Sity Hall”-da terror aktı baş verir. Təsadüfdürmü?

Əksər müstəqil analitiklərin fikrincə, hazırda baş verənlər Putinin hakimiyyətə gəldiyi ilk vaxtlarda, onun ilk prezidentliyinin ərəfəsində Rusiyanın ayrı-ayrı şəhərlərində törədilən terror aktlarını xatırladır. Həmin vaxt Ryazan şəhərində növbəti binanın partladılması cəhdinin qarşısı yerli sakinlər tərəfindən alınmışdı, onlar binanın zirzəmisinə kisələrdə partlayıcı maddə yerləşdirən FTX əməkdaşlarını yaxalamışdılar. Böyük səs-küyə səbəb olan bu hadisəni FTX rəhbərliyi biabırçı şəkildə ört-basdır etməyə çalışmışdı və elan etmişdi ki, həmin kisələrdəki partlayıcı yox, şəkər tozu olubmuş və FTX əməkdaşları sadəcə, təlim keçirlərmiş…

Bu hadisədən çıxış edən müşahidəçilər dünənki terror aktının da FTX ilə əlaqəli olmasından şübhələnirlər. Məsələ ondadır ki, hələ martın 8-də ABŞ və Böyük Britaniya öz vətəndaşlarına Moskvada izdihamlı tədbirlərə terror hücumu təhlükəsi barədə xəbərdarlıq etmişdilər. Lakin Vladimir Putin çıxıb rəsmən terror təhlükəsini təkzib etdi və bunu “Qərbin şantajı” adlandırdı. Nəticədə, Putin yox, Qərb kəşfiyyatı, daha dəqiq desək, iki il öncə Rusiyanın Ukraynaya müdaxiləsini gününə, saatına qədər dəqiq bəyan etmiş Amerika kəşfiyyatı haqlı çıxdı.

Kreml təbliğatçıları isə terror aktının arxasında ABŞ və Böyük Britaniyanın, yaxud Ukraynanın durduğunu iddia edirlər. Amma maraqlıdır, əgər siz terror aktı təşkil edirsinizsə, o zaman niyə onun törədilməsinə 2 həftə qalmış bütün dünyaya bunu car çəkəsiniz ki? Məntiq yoxdur!

İkincisi, əgər kimsə Rusiyada gözlənilən terror aktı ilə bağlı bütün dünyanı xəbərdar edirsə, Kreml buna qarşılıq olaraq nə etməliydi? Təhlükənin qarşısını almaq üçün bütün təhlükəsizlik qüvvələrini hərəkətə keçirməli, səfərbər etməli, ən azından bu cür kütləvi tədbirləri mühafizə etməli deyildimi? Ancaq bunu etmədi. Niyə?

Üçüncüsü, Moskva dünyada ən güclü şəkildə qorunan şəhərlərdən biridir. Rusiya paytaxtı hazırda müşahidə avadanlıqlarının sayına görə Londonla rəqabət aparır. Əhali arasındakı agentlərin və kəşfiyyat şəbəkələrinin sayına görə isə dünya lideridir. Ölkədə total nəzarət və repressiya mühiti hökm sürür. Kimsə əlində müharibə əleyhinə plakatla küçəyə çıxarsa, cəmi bir-iki dəqiqə sonra polis, “Rosqvardiya”, FTX başının üstünü kəsdirir. Necə olur ki, belə bir şəraitdə 5-6 nəfər təpədən dırnağa qədər silahlanmış şəxs şəhərin bir başından digər başına gedir, orada məlum hadisəni törədir və aradan çıxır. Özü də heç bir siyasi tələb, şüar, səsləndirmədən, girov götürmədən və sair (Hansı ki, özlərini “islamçılar” adlandıran terror qrupları məhz bu cür edirlər). Onlar öz işlərini bitirənə qədər də güc strukturları heç cür hadisə yerinə gəlib çıxa bilmirlər. Görəsən, niyə?

Bütün bunlar analitikləri iki əsas versiya üzərində dayanmağa vadar edir. Birinci və əsas versiya kimi, Rusiyada daxili səfərbərliyə, ölkənin hərbi düşərgəyə çevrilməsinə şərait yaratmaq cəhdi göstərilir. “Qərb və onun himayə etdiyi terrorçular Rusiyaya qarşı total hücuma keçib” şüarı ilə Kreml Rusiyada istədiyini edə bilər. Artıq bir çox Rusiya teleqram kanalları dünəndən başlayaraq, rusiyalılara kütləvi şəkildə elektron “povestkalar” gəlməyə başladığını bildirirlər…

İkinci və kifayət qədər maraqlı versiyaya görə isə bu, “Kreml qüllələri”ndən birinin nəzarətindəki FTX və digər güc strukturlarının Putinə qarşı əməliyyatıdır. Çünki hər necə olsa, bu hadisə Putinin Rusiya cəmiyyətindəki reputasiyasına və nüfuzuna ağır zərbədir. Bunu təşkil edənlərin Putinə təzyiq və ondan nələrisə qoparmaq maraqları ola bilər. Bu zaman məhz Araz Ağalarova məxsus obyektin hədəf seçilməsi də maraqlıdır. Kremldə, FTX-da və digər güc strukturlarında kimlərinsə Ağalarovla münaqişəsi ola bilərmi? Xatırladaq ki, “Crocus”-un birinci vitse-prezidenti Emin Ağalarov terror aktı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib və bu terror aktının onun ailəsinə təsir etdiyini vurğulayıb: “Bu terror aktı hər kəs üçün dəhşətli faciədir, şəxsən mənə və ailəmə toxunub”.

İstənilən halda, Rusiyada çoxdan idi ki, kütləvi terror aktları törədilmirdi. Ona görə ki, bunun benefisiarları yox idi, yəni, bunda heç kim maraqlı deyildi. İndi isə Peskovun dediyi kimi, ölkə açıq müharibə vəziyyətindədir və səfərbərliyə ehtiyac var! İndi əlbəttə ki, kimlərsə tutulacaq, ittiham olunacaq, “sifarişçilər”-in kimliyi bəyan ediləcək və sair. Ancaq əsl həqiqəti heç kim bilməyəcək…

Məlum məsələdir ki, bu dəhşətli cinayətin kim tərəfindən törədilməsindən asılı olmayaraq, Kreml bundan öz təbliğatı və digər məqsədləri üçün istifadə edəcək. Görünən həm də odur ki, Çeçenistanda tökülən qan üzərində Kremlə ayaq basan indiki hakimiyyət, uzun illər qanla duruş gətirib və indidən sonra Ukraynadakı savaş da daxil olmaqla, qanla da davam etmək istəyir…/azpolitika.info