ABŞ UKRAYNANI PUTİNİNƏ TƏSLİM EDİR? – Conson Kiyevə yardım qanununu “dəfn edir”, Zelenski isə...

Nə qədər ikrah doğuran mənzərə olsa da, reallıq ondan ibarətdir ki, ABŞ Ukrayna kimi fədakar xalqı və dövləti Rusiya işğalı qarşısında aciz, müdafiəsiz duruma salmaqla məşğuldur. Trilyonlarla dövlət büdcəsi və dünyanın birinci iqtisadiyyatı olan Amerikanın Ukraynaya cəmi 61 milyard dollarlıq yardım ayırmağa, kobud desək, “canı çıxır”. Bu yardımı gah sərhəd, gah miqrasiya, gah seçkilər, gah da daxili siyasi mübarizəyə aid digər iyrənc oyunların “quyruğuna bağlayırlar”...

ABŞ Konqresinin respublikaçı və “trampçı” spikeri Mayk Conson hələ yanvarın 30-da keçirdiyi mətbuat konfransında iddia edib ki, guya Respublikaçıların Ukraynaya əlavə maliyyə ayrılması ilə bağlı yaratdıqları süni maneələr Donald Trampın seçkilərdə qalib gəlməsinə kömək məqsədi daşımır. Yəni, bu süründürməçiliyin və iyrənc siyasi oyunun, rəzalətin arxasında Trampa dəstək məsələsi durmur. Ancaq hər kəsə gün kimi aydındır ki, hər şey Consonun dediyinin tam əksinədir və ABŞ faktiki olaraq, bütün dünyada demokratiyanın, irtica və işğalla mübarizənin, deməli, həm də bütünlükdə bəşəriyyətin taleyini daxili siyasi çəkişmələrə, mənafe davasına qurban verir...

Conson bildirib ki, o, Senatın Ukrayna və İsrailə yardımı ehtiva edən 118 milyard dollarlıq sərhəd təhlükəsizliyi qanun layihəsini səsverməyə çıxarmayacaq. Yəni, Senat bu qanunu qəbul etsə də, həmin qanun Konqresdən nəinki keçməyəcək, ümumiyyətlə, bu orqanda müzakirəyə çıxarılmayacaq. Bu isə, Ukraynaya edilməli olan 61 milyard dollarla bağlı ümidlərin dəfn edilməsi deməkdir.

Conson özü “Twitter”-ində yazıb: “Bu qanun layihəsi gözlədiyimizdən də pisdir və Prezidentin yaratdığı sərhəd fəlakətinə son qoymağa belə yaxınlaşmır". Ardınca, qeyd edib ki, bu qanun layihəsi “Nümayəndələr Palatasına gələnədək öləcək".

Xatırladaq ki, Ağ Ev daha əvvəl bildirmişdi ki, sözügedən qanun ABŞ Konqresi tərəfindən qəbul edilənə qədər Ukraynaya yeni hərbi dəstək üçün pul yoxdur. Bu, yaxın gələcəkdə Ukraynanı Rusiya ilə təkbətək qoymaqdır...

Bundan əvvəl Mayk Conson bildirmişdi ki, gələn həftə İsrailə hərbi yardım məsələsi cənub sərhədi ilə bağlı qərardan ayrıca layihədə nəzərdən keçiriləcək. Bu, o deməkdir ki, “İsrailə kömək edirik, Ukraynaya yox!”. Doğrudur, ABŞ Prezident Administrasiyası bununla razı deyil və bəyan edib ki, Ukraynaya kömək edilmədən İsrailə dəstək qanun layihəsini dəstəkləmir. Ağ Ev həmçinin qeyd edib ki, onlar Konqreslə Ukrayna və İsrail üçün ayrıca layihədə maliyyə ayrılması imkanını müzakirə etmirlər.

Göründüyü kimi, demokratlarla respublikaçılar “kəllə-kəlləyə” gəlməkdə davam edirlər, ortalıqda qalan isə Ukraynadır...

Bununla yanaşı, Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın RAİ kanalına müsahibəsində ABŞ-nin gələcək dəstəyinə ümid etdiyini bildirib və bu dəstək azalarsa, “yeni geosiyasi gündəmin yaranacağı” barədə xəbərdarlıq edib: “Respublikaçılar Partiyasında radikal səslər var, lakin Ukraynanı dəstəkləyənlər də az deyil. Mən inanmaq və ümid etmək istəyirəm ki, ABŞ-də dəyişikliklər baş verərsə, Ukraynaya dəstək xətti eyni qalacaq. Qərarı ABŞ xalqı verir, lakin onlar Ukraynaya yardımı azaltmaq niyyətindədirlərsə, o zaman yeni geosiyasi gündəm yaranacaq. Putin müdafiəmizi yaracaq, irəli gedəcək və o qədər də asanlıqla dayanmayacaq”. Təəssüf ki, Zelenskinin dediklərində həqiqət payı kifayət qədər yüksəkdir. Buna baxmayaraq, ABŞ öz tarixinin bəlkə də ən rəzil dövrünü yaşayır və Ukraynanın yox, həddindən artıq yaşlı, demensiya, şizofreniya və digər aşkar xəstəlik əlamətləri olan iki qeyri-adekvat “namizədin” mübarizəsinin hayındadır.../azpolitika.info