Və yaxud narkotik satıcısını cəzasız buraxan hakimin taleyi digərlərinə ibrət olacaqmı?
Ölkəmizdə tüğyan edən narkomaniya bəlasından xilas yolu ilə bağlı bir sıra ekspertlər vaxtaşırı münasibət bildirirlər, Stopnarkotik.az saytı isə bu məsələni hər zamanı diqqətdə saxlayır. Əlbəttə, ekspertlərin problemdən çıxış yollarının tapılması məsələsində fikirləri çox vaxt üstü-üstə düşür. Məsələn, narkotik tacirlərinin sonrakı aqibəti, yəni onların sərt cəzalandırılması məsələsində hamı həmrəydir. Amma məhkəmə hakimlərinin qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunanları məhkəmə zalından azadlığa buraxması, onlara bəraət verməsi faktı ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Belə ki, bəzi hüquq müdafiəçiləri bu məsələdə birinci instansiya məhkəmələrinin hökmünü ədalətli hesab etsə də, bunun əksini düşünənlər də az deyil.
Üstəlik, aylarla və illərlə həbs həyatı yaşadıqdan sonra, barəsində bəraət hökmü qüvvəyə minən şəxslərdən heç birinin təzminat tələb etməməsi də şübhə doğurur. Elə bu günlərdə Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işinin başlanması da bu cəhətdən yerinə düşən hadisə oldu. Məlum oldu ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb və ibtidai istintaqla hakim Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. Bu haqda Stopnarkotik.az sayında da qeyd etmişdik ki, hakim Elsun Əhmədov külli miqdarda rüşvət alaraq narkotik satıcısını ağır cəzadan xilas edib.
Elsun Əhmədov
Bəs, görəsən, bu kimi narkotik satıcılarının bəraət aldığı məhkəmə işlərində yenə də bütün hakimlər haqlıdır, yoxsa onların hər birinin bəraət hökmünün arxasında rüşvət qarşılığında cinayətkarları azadlığa buraxmaq faktı yatır? Yəni bu hökmü imzalayan hakimlər narkotik satıcılarının cinayətinə yetərli dəlil-sübut tapmadıqlarına görə bəraət verərək narkotacirləri həbsdən azad edirlər, yoxsa rüşvət alaraq “ölüm satanlar”ın narkotik ticarətinə göz yumurlar, onları təmizə çıxarırlar? Yox, əgər hakimlər yetərli dəlil-sübut əskikliyi səbəbindən ədalətli bəraət hökmü çıxarırlarsa, onda həmin insanları türməyə doldurmaq kimə, nəyə lazımdır? Kiçik narkotik satıcılarını həbsə doldurmaq təşəbbüsü iri narkobaronların şübhələri özlərindən uzaqlaşdırmaq üçün ərsəyə gətirdikləri plandırmı? Yaxud narkobaronlar özləri kölgədə qalsınlar deyə, kiçik satıcıları qəsdən “qurban verirlər”?
Əlbəttə, bu sualların hər birinin cavabı ayrıca araşdırma tələb edir. Məsələn, ola bilsin ki, Bərdə Rayon Məhkəməsinin hakimi Elsun Əhmədovun narkotik alverçisinin ailə üzvündən rüşvət qismində aldlğı külli miqdarda pul vəsaitini onun ailəsinə elə narkotik şəbəkəsinin başında duran şəxs ötürüb. O da mümkündür ki, son vaxtlar narkotik tacirlərinə bəraət verilməsi faktları ictimai qınağa səbəb olduğundan, E.Əhmədov bəraət hökmü çıxaran hakimlərin rahat işləyə bilməsi üçün “qurban” verildi? Hər halda, bunu hakimin və azadlığı üçün ailəsinin rüşvət verdiyi narkotik satıcısının sonrakı aqibətindən biləcəyik. Çünki narkotik satana bəraət verən hakimin karyerası, sadəcə, onun səlahiyyət müddətinin uzadılmaması, yaxud ev dustaqlığı ilə bitməməlidir. Öz cibini “ağ ölüm” pulları ilə dolduran narkotik satıcıları da, onlara rüşvət əvəzində bəraət “bəxş edən” hakimlər də bu məsələdən sağ-salamat qurtula bilməməlidirlər. Onlara ən layiqli cəza bu olar ki, başqalarının həyatını viranə vəziyyətə saldıqlarına görə həm həbsə salınsınlar, həm də əmlakları satılıb narkotikin caynağına düşən insanların sağalmasına sərf edilsin. Bəlkə, belə cəza bu qəbildən olan digər şəxslər üçün də görk olar.
Asya ŞÜKÜROVA
Stopnarkotik.az