Şoyqunu Putinlə Cinpinin görüşünə buraxmadılar - QAPIDA GÖZLƏTDİLƏR

Rusiya Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin arasında danışıqlar aparmaq üçün Çin parlamentinə daxil olmaqda problemlə üzləşib.

Bu barədə “Kommersant”ın müxbiri Andrey Kolesnikov məlumat verib.

Aydın olur ki, təşkilatçılar Şoyqunun ora daxil olmaq hüququ verən döş nişanı ilə nədənsə qane olmayıb, ona görə də onu Xalq Məclisi Palatasına ümumiyyətlə buraxmaq istəməyiblər. "Və Təhlükəsizlik Şurasının katibi məsələnin nəhayət onun xeyrinə həll olunmasına qədər bir-iki dəqiqədən çox gözləməli oldu”, - Kolesnikov bildirib.

Bundan əvvəl jurnalistlər çinli tərəfdaşları ilə görüşdə Şoyqunun Vladimir Putinin sol tərəfində oturduğunu müşahidə ediblər. Rusiya liderinin sağ tərəfində xarici işlər naziri Sergey Lavrov oturub.