Qəsdən adam öldürməyə cəhddə ittiham olunan 32 yaşlı F.Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
İttihamda deyilir ki, 2020-ci ildə başqa bir cinayət (qəsdən sağlamlığa ağır zərər vurma) törətdiyinə görə 1 il 6 ay müddətinə məhkum edilərək istintaq təcridxanasında saxlanılan F.Bayramov orada olarkən yeni cinayət planı qurub. Belə ki, o, telefonla danışarkən ailə üzvlərindən biri haqda xoşagəlməz hesab etdiyi məlumatı eşidib. Bundan sonra qərara alıb ki, bu hal onun ailəsinin nüfuzuna xələl gətirə bilər və məsələdə adı hallanan qonşusu A.Məmmədovu (şərti) cəzalandırmağı qarşısına məqsəd qoyub.
F.Bayramov cəzasını çəkib azadlığa buraxılan kimi qonşusunu öldürmək üçün əlverişli şərait yaranmasını gözləyib. Nəhayət ötən il dekabrın 28-də günorta saatlarında qonşusu A.Məmmədovun evdən çıxdığını görüb, onu izləməyə başlayıb. Rayon mərkəzindəki mağazaya girdiyini görüncə onun arxasında gəlib, söhbət etmək üçün çölə çağırıb. A.Məmmədov mağazadan çıxmayacağını deyib. Bu zaman F.Bayramov ona hücum edib, bıçaqla ardıcıl zərbələr endirib. Ağır dərəcəli bədən xəsarətləri alan zərərçəkmiş xəstəxanaya yerləşdirilib.
F. Bayramov məhkəmədə elan olunmuş ittihamla özünü təqsirli bilib: “Bıçaqla zərbələr endirdim. Oradan çıxıb parkda əyləşdim, polislərin gəlməsini gözlədim. Polislər gəldikdə onlara yaxınlaşdım”.
Zərərçəkmiş isə ifadəsində bildirib ki, sözügedən ailə onu hədələyib: “Əgər köçüb getməsəm, evimi yandıracaqlarını deyirdilər. Buna görə hətta polisə də müraciət etmişdim. Hadisə baş verən gün işdən 5 günlük icazə alıb evə gəlmişdim. Mağazada bıçaqla mənə zərbələr endirdi. Yerə yıxılsam da, vurmağa davam etdi. İki nəfər yaxınlaşıb onun əlindən bıçağı aldılar”.
Zərərçəkmiş son olaraq təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını deyib.
Hökmə əsasən F.Bayramov qəsdən adam öldürməyə cəhddə və qanunsuz soyuq islah saxlamaqda təqsirli bilinərək 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, təyin olunmuş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.