Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin büdcə vəsaitlərini şəxsi reyslərə xərcləməsi ilə bağlı cinayət faktı təsdiqlənib və bu, araşdırmaya başlamaq üçün əsas olmalıdır.
Bu barədə hakim "Gürcü arzusu" partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Qeyd edək ki, Gürcüstan Hava Yollarının keçmiş rəhbəri Tamaz Qayaşvili "Rustavi 2" televiziyasının efirində bildirib ki, Gürcüstan Müdafiə Nazirliyi ilə aviaşirkət arasında 9 milyon dollardan çox dəyərdə olan məxfi müqavilələr imzalanıb ki, bunlar dövlət büdcəsindən ödənilən özəl və hökumət səfərləri olub. Bildirilib ki, bunun bir hissəsi Saakaşvilinin şəxsi səfərlərinə xərclənib.
"Gürcü Arzusu" fraksiyasının sədr müavini Giorgi Tsaqareişvili də araşdırmaya başlamağın zəruriliyini bildirib: "Hesab edirəm ki, mütləq istintaq başlamalıdır. Prinsipcə, bunu Gürcüstanın Baş Prokurorluğu müəyyənləşdirməlidir".