Son günlər sosial şəbəkədə ali təhsil müəssisəsinin tələbələri ilə bağlı yayılan saxta və təhqiredici məzmunlar geniş müzakirələrə səbəb olub. İddialara görə, tələbələrin açıq profillərindən götürülmüş foto və videolar müxtəlif montaj üsulları, o cümlədən süni intellekt alətlərindən istifadə edilməklə dəyişdirilib və alçaldıcı formada paylaşılıb. Həmin səhifələrin qısa müddət ərzində yaradılıb-silinməsi isə məsələnin miqyasını və arxasında dayanan şəxslərin məqsədinin daha təhlükəli və sistemli olduğunu göstərir.
Paylaşımların hədəfinə çevrilən qızların, əsasən, hüquq ixtisası üzrə təhsil aldıqları bildirilir. Sosial şəbəkə istifadəçiləri bu cür halların təkcə fərdi deyil, həm də ictimai nəticələr doğura biləcəyini qeyd edirlər, zərərçəkənlərə dəstək çağırışları edirlər.
Bəs bu cür kiberhücumlar gənclərin psixoloji durumuna necə təsir göstərir? Reputasiya və gələcək karyera baxımından belə hadisələr hansı riskləri yarada bilər? Sözügedən situasiya yaşandıqda gənclər hansı addımları atmalıdırlar?
İnformasiya texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında bildirib ki, bu tip hallarda foto və videomateriallar götürülərək süni intellekt vasitəsilə emal olunur və arzuolunan saxta məzmun hazırlanır.
Ekspertin sözlərinə görə, bu üsulla kiberdələduzlar öz qurbanlarını seçir, onları hədəfləyir, müəyyən məqsəd və motivlər əsasında hərəkət edirlər:
"Əslində, paylaşılmış hər hansı foto, video və ya digər məzmunun müxtəlif formalarda istifadə oluna biləcəyi əvvəlcədən nəzərə alınmalıdır. Süni intellekt alətləri olmasa belə, əvvəllər də şəkillər peşəkar şəkildə montaj edilə bilirdi. Sadəcə, indi bu proses daha asan və əlçatan olub. Kimsə həmin materiallardan istifadə edərək saxta hesab aça, müxtəlif şəxslərə yaza, etibardan sui-istifadə edərək maddi vəsait tələb edə və ya həssas mövzular ətrafında manipulyasiya aparmağa cəhd göstərə bilər.
Bu baxımdan, sosial şəbəkədə məzmun paylaşan şəxs mümkün riskləri əvvəlcədən göz önünə gətirməlidir. Paylaşılan foto və ya videodan istifadə edilərək müxtəlif ssenarilərin qurula biləcəyi ehtimalı nəzərə alınmalıdır".
F.Mirəliyev bildirib ki, belə hallarla qarşılaşdıqda atılmalı əsas addım hüquq-mühafizə orqanlarına müraciət etməkdir:
"Qanun çərçivəsində araşdırma aparılması və müvafiq tədbirlərin görülməsi üçün rəsmi müraciət vacibdir. Paralel olaraq, saxta hesabın bağlanması üçün sosial şəbəkənin texniki dəstək xidmətinə şikayət ünvanlamaq mümkündür. Zərərçəkənin tanıdığı şəxslərin də kütləvi şəkildə həmin səhifəni şikayət etməsi hesabın daha qısa müddətdə bloklanmasına səbəb ola bilər. Hesab yenidən yaradılarsa, eyni proses təkrarlanmalıdır.
Saxta foto və videoların müəyyən edilməsi də mümkündür. İnternetdə bu məqsədlə istifadə olunan müxtəlif alətlər mövcuddur. Həmin platformalara foto və ya video yükləndikdə materialın təbii olub-olmadığı, montaj və ya süni intellekt vasitəsilə hazırlanıb-hazırlanmadığı barədə texniki rəy əldə etmək mümkündür. Bu cür yoxlamaların nəticələri ictimaiyyətə təqdim edilərək yayılan materialın saxta olduğu sübuta yetirilə bilər".
Məsələnin psixoloji tərəfləri ilə bağlı Oxu.Az-a danışan psixoloq Fuad Əsədov qeyd edib ki, bu cür hallar hər kəsə ağır təsir göstərir, lakin tələbələr üçün daha ciddi psixoloji nəticələr doğura bilər.
O, sözlərinə belə davam edib:
"Tələbəlik dövrü insanın müstəqil həyata yeni qədəm qoyduğu, həyatın stres və çətinlikləri ilə ilk dəfə daha yaxından üzləşdiyi həssas mərhələdir. Məhz bu mərhələdə belə bir hadisə ilə qarşılaşmaq sonrakı həyat tərzinə mənfi təsir göstərə bilər.
Belə situasiyalar təşviş, depressiya və kəskin stres pozuntusu kimi hallara səbəb ola bilər. Tələbələr gələcəkdə bunun ciddi fəsadlar doğuracağından, insanların yayılan materiallara inanacağından və reputasiyalarının zədələnəcəyindən narahat ola bilərlər. Bu narahatlıq yuxu pozuntularına, sağlam həyat tərzinin pozulmasına və davamlı stres vəziyyətinə gətirib çıxara bilər.
Daha konservativ və patriarxal cəmiyyətlərdə vəziyyət daha da ağırlaşa bilər. Belə hallarda zərərçəkən şəxslər, xüsusən də qız tələbələr əsassız şəkildə günahlandırıla, "niyə şəkil paylaşmısan?" kimi ittihamlarla üzləşə bilərlər. Bu isə onlarda günahkarlıq hissi, özünüqınama və dəyərsizlik duyğusu yarada bilər. Onlar baş verənlərə görə özlərini məsul hesab edə və səhv etdiklərini düşünə bilərlər.
İnsanın çətin vəziyyətlə üzləşdiyi anda yaxınlarından dəstək görməməsi psixoloji vəziyyəti daha da ağırlaşdıra bilər. Əgər ailə və yaxın ətraf da ittiham mövqeyi tutarsa, bu, travmatik təsiri dərinləşdirə bilər".
Psixoloq əlavə edib ki, digər mühüm məqam güvənsizlik hissinin yaranmasıdır:
"Müstəqil həyata yeni başlayan gənclərin belə hadisə ilə qarşılaşması onların özlərinə və ətraf mühitə inamını sarsıda bilər. Davamlı güvənsizlik hissi insanın sosial və peşəkar inkişafına mənfi təsir göstərir.
Xüsusilə hüquq fakültəsində təhsil alan tələbələr üçün reputasiya gələcək karyera baxımından böyük əhəmiyyət daşıyır. Onlar düşünə bilərlər ki, baş verən hadisə artıq indidən peşəkar gələcəklərinə kölgə salıb və hüquq sahəsində karyera qurmaq imkanlarını məhdudlaşdırıb. Bu cür düşüncələr əlavə psixoloji gərginlik yarada bilər".
Bakı Dövlət Universitetinin Mətbuat Xidmətindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı tələbələr tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.