Dövlətlər narkoticarətin əlində aciz qalanda...

Narkokartellər istənilən ölkə üçün təhdid deməkdir. "Ağ Ölüm" ticarətinə qarşı mübarizə aparan istənilən qüvvəyə və dövlətə qarşı dişlərinə qədər silahlanmış narkokartellər ilk növbədə daxili sabitliyin pozulmasını vəd edirlər. Ekvadorda da durum bu qəbildəndir.

Stopnarkotik.az-ın xəbər verdiyinə görə, Ekvador prezidenti ölkədə ölkədə “daxili silahlı münaqişə”, başqa sözlə hərbi vəziyyət elan edib. 
Həmçinin, bir sıra silahlı dəstələr və cinayət qrupları dövlətlə müharibə edən terror təşkilatları kimi tanınır: bunlar "Los Lobos", "Los Choneros", "Los Tiburones", ABŞ-da geniş yayılmış "Latın Kralları" (Latin Kings) kimi böyük dəstələrdir. Hərbi qüvvələrə kritik infrastrukturu qorumaq üçün səfərbər olmaq əmri verilib.

Sankt-Peterburq Dövlət Universitetinin professoru Viktor Xeyfetz “RİA Novosti”yə bildirib ki, Ekvadordakı narkotik kartelləri ölkədə hakimiyyətin yeni prezident Daniel Noboaya deyil, onlara məxsus olduğunu  göstərmək üçün iğtişaşlar törədirlər.

“Onların belə zəncirvari zorakılıq silsiləsini başlatması təsadüfi deyil, onlar göstərməlidirlər ki, bu gün küçələrin ağaları özləridir”, deyə ekspert qeyd edib.

Xeyfetsin sözlərinə görə, Noboa narkotik ilə mübarizəyə demək olar ki, hər şeyi səfərbər edib. İndi prezidentin növbəti seçkilərə təxminən il yarım vaxtı var.

Stopnarkotik.az