Sosial şəbəkələrdə müxtəlif qruplar açılır. Kimi qohumlarını gəzir, kimi itmiş əşyasını axtarır. Amma ən maraqlısı “dələduzlar” qrupunda toplaşanlardı. Müxtəlif yaş kateqroiyasında, cinsində adamların fotolarını təhqir edərək paylaşırlar. Necə? Məsələn, həmin fotoların üzırinə “dələduz”, “borcu var, qaytarmır”, “oğru”, “yalançı”, “fırıldaqçı” və neçə-neçə etik olmayan ifadələrlə damğalayıb geniş kütlə üçün paylaşırlar.
Tutaq ki, fotodakı şəxslər həqiqətən də oğrudur, dələduzdur, hətta fırıldaqçıdır, bəs onları bu formada paylaşmaq hüquqi məsuliyyət yaradırmı? Həmin paylaşım edənləri cəza gözləyirmi?
Lent.az-a danışan hüquqşünas Şamil Paşayev bildirib ki, kiməsə “dələduz” demək cinayət məsuliyyətinə səbəb olur:
“Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə (təqsirsizlik prezumpsiyasına) görə, məhkəmənin qərarı olmadan hər hansısa şəxsi cinayətkar adlandırmaq və ya ona başqa aspektlərlə yanaşmaq olmaz.
Şəxsləri etdiyi hərəkətlərə görə şəkillərini “dələduz”, “cinayətkar” və sair başlıqlarla paylaşmaq, fotolarını yaymaq şəxsi toxunulmazlıq hüququnun pozulmasıdır. Şəxsi və ya ailə məlumatlarının toplanması, yığılması və yayılması Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, məsuliyyətə səbəb ola bilər. Maddəyə əsasən, işi törətmiş şəxs min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
Hərdən də bu kimi səhifələr şantaj məqsədilə də istifadə edilə bilir. Bu zaman şantaj maddəsi ilə də cinayət işi açıla bilər.
Ümumiyyətlə, bilmək lazımdır ki, Azərbaycanda kiməsə “dələduz” demək səlahiyyəti yalnız məhkəmələrə məxsusdur. Məhkəmə hökmü onun dələduz olub, olmadığını müəyyən edə bilər”.