Dövlət İmtahan Mərkəzi 300 bal (maksimum) yığsa da, adı siyahıya salınmayan Əhməd Hüseynovun taleyinə aydınlıq gətirib.
“Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, buraxılış imtahanı fənləri dedikdə tədris dili, riyaziyyat və məktəbdə tədris olunan əsas xarici dil nəzərdə tutulur:
“Hüseynov Əhməd buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə imtahan verib. O, Azərbaycan dili və riyaziyat fənlərinin hər biri üzrə 100 bal toplasa da, əsas xarici dil kimi imtahan verdiyi rus dilindən aşağı bal toplayıb.
H.Əhməd ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək üçün buraxılış imtahanındakı xarici dili deyil, öz istədiyi xarici dili seçmək imkanından yararlanaraq ingilis dilini seçib və əlavə imtahan verməklə 100 bal toplayıb. Bu bal ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq”.
DİM-in açıqlamasından aydın olur ki, abituriyent qəbul imtahanında iştirak zamanı topladığı 300 bal (maksimum) nəzərə alınacaq.