Dağıstan rəhbəri iğtişaşlara görə Ukraynanı ittiham etdi – “Düşmənlərimiz tərəfindən həyata keçirilib”

“Dağıstan Respublikasında vəziyyətin sabitliyini pozmaq cəhdləri xaricdən, o cümlədən Ukraynayönlü “Telegram” kanalları tərəfindən edilir".

Bunu bazar ertəsi jurnalistlərə regionun rəhbəri Sergey Melikov bildirib.

“Dağıstanda vəziyyətin sabitliyini pozmaq cəhdləri, o cümlədən millətlərarası nifrət və konfessiyalararası problemlərin qızışdırılması ilə bağlı qadağan olunmuş üsullardan istifadə bizim düşmənlərimiz, ölkəmizin əleyhdarları tərəfindən həyata keçirilir”, - o deyib.

Məlikovun sözlərinə görə, mitinqlərə çağırışlar dərc edən “Telegram” kanallarından biri xaricdən idarə olunur. “Bu gün biz tamamilə etibarlı məlumat aldıq ki, “Dağıstanın səhəri” kanalı Ukrayna ərazisindən - satqınlar, banderaitlər tərəfindən idarə olunur və tənzimlənir”, - deyə respublika rəhbəri əlavə edib.

O, həmçinin deyib ki, Mahaçqala hava limanında iğtişaşlar nəticəsində iki polis əməkdaşı yaralanıb.

"İki polis əməkdaşının yaralandığı bizə məlumdur. Onlar hava limanının qadağan olunmuş ərazilərini bağlayarkən xəsarət alıblar", - o deyib.

Dağıstan rəhbərinin sözlərinə görə, hava limanındakı avadanlıqlara ziyan dəyməyib.

“Mən hava limanında oldum. B terminalında heç bir avadanlıq zədələnməyib. Yerli hava yolları terminalında, A terminalında aeroport kompleksinin fəaliyyəti üçün hər şey var idi”, - deyə Məlikov bildirib.

Onun sözlərinə görə, 2-3 gün ərzində aeroportun bütün funksiyaları bərpa olunacaq:“Bu gecə baş verən hadisələri tez bir zamanda aradan qaldırmaq üçün beynəlxalq uçuşlar da daxil olmaqla, yenidən uçuşlara başlayacağıq”.

O, həmçinin vurğulayıb ki, iğtişaşlardan sonra respublikada vəziyyət stabildir.

"Ümid edirəm ki, Uytaş hava limanı ərazisində baş vermiş vəziyyət respublikamızın ictimai-siyasi durumu üçün xarakterik deyil. Hazırda vəziyyət nəzarət altındadır, -o qeyd edib./azpolitika.info