Benzin doldurub qapağını bağlamadı, taxta ilə döydülər - Sumqayıtda ŞOK OLAY

Sumqayıtda yanacaqdoldurma məntəqəsində dava olub.

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Dəmiryolu vağzalının yanında yerləşən “Aİ 97” adlı məntəqədə baş verib. E. H. idarə etdiyi “VAZ-21015” markalı avtomobilə yanacaq doldurmaq üçün məntəqəyə daxil olub. Burada işləyən operator F. B. benzin doldurub bitirəndən sonra avtomobilin çəninin qapağını bağlamayıb.

Bu səbəblə operator və sürücü E. H.-nın sərnişini olan dostu E. M. arasında mübahisə yaranıb. Bu zaman iddiaya görə F. B. qarşı tərəfi söyüb. Bundan hiddətlənən E. M. axşam radələrində yanacaqdoldurma məntəqəsinə tək gələrək həmin işçi ilə yarım qalan məsələni bitirmək istəyib. Belə ki, digər işçilərin gözü qarşısında əlindəki taxta parçası ilə F. B.-nın bədəninin müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq, ona xəsarət yetirib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalarla şəxsə qarşı zor tətbiq olunması yaxud özgə əmlakının zədələnməsi) maddəsi ilə cinayət işi açılıb.

Məhkəmə E. M. barəsində polisin nəzarəti altına vermə haqqında iltizam qərarı verib.