Moskvanın Domodedovo aeroportunda gömrükçülər Bakıdan gələn sərnişinin üzərindən bəyan edilməmiş “Rolex” saatı aşkar ediblər.
"Ria Novosti" xəbər verir ki, gömrükçülər əlində bahalı saat gəzdirən 63 yaşlı rusiyalını yaşıl dəhlizdə saxlayıblar. Həmin şəxs saatı hədiyyə olaraq aldığını və onu bəyan etməli olduğunu bilmədiyini deyib.
Ekspertiza müəyyən edib ki, saatın metal hissələri 750 əyarlı qızıldan hazırlanıb. Onun dəyəri təxminən 3,5 milyon rubl təşkil edir. Sərnişinə izah edilib ki, strateji əhəmiyyətli malların qaçaqmalçılığına görə cinayət məsuliyyəti daşıyır.
Federal Gömrük Xidməti xatırladıb ki, dəyəri 10 min avroya qədər olan və çəkisi 50 kiloqramdan çox olmayan mallar bəyannaməsiz təyyarə ilə gətirilə bilər. Standartlar aşılırsa, sərnişin "qırmızı dəhliz”dən keçməli və gömrük bəyannaməsini doldurmalıdır./modern.az