Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Stopnarkotik.az xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Babək Quliyevə hökm oxunub.
Hökmə əsasən, o, 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır. Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.