Bakının Xəzər rayonunda 1966-cı il təvəllüdlü Elşən ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Naziləyə (adlar şərti verilib - red.) xəsarət yetirib.
Hadisə bu ilin aprelin 6-da baş verib. Elə həmin gün saat 08.45-də yaşadıqları evdə arvadı Nazilə ilə mübahisə edib.
Elşən aralarında yaranmış mübahisə zamanı əli ilə Nazilənin sağ və sol əlindən qəsdən vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən Elşənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elşən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1991-ci ildə Nazilə ilə rəsmi nikaha daxil olub: “Bizim birgə nikahımızdan iki övladımız var. Aprelin 6-da, saat 08.45-də yaşadığım Binə qəsəbəsindəki evdə yemək yedim və işə getməyə hazırlaşan zaman Nazilə heç bir səbəb olmadan məni təhqir etdi. Buna görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı Nazilə məni vurmaq üçün üzərimə hücum çəkdi. Nazilənin üzərimə hücum çəkdiyi üçün əlim ilə onun sağ əlindən qəsdən vuraraq xəsarət yetirdim. Daha sonra evi tərk edərək işə getdim”.
Təqsirləndirilən şəxs deyib ki, hadisə baş verən zaman qızı da evdə olub.
İş üzrə zərərçəkmiş Nazilənin sözlərinə görə, aprelin 6-da, saat 08.45-də yaşadıqları evdə əri Elşən spirtli içki içərək evdə yenidən münaqişə yaradıb, onu təhqir edib: “Mən də Elşənin hərəkətlərindən bezdiyim üçün onun qardaşlarına məlumat vermək istədim. Mobil telefon vasitəsi ilə Elşənin qardaşlarına məlumat vermək istəyən zaman mobil telefonu əlimdən aldı. Əli ilə mənim sağ və sol əlimə qəsdən vuraraq xəsarət yetirdi”.
Zərərçəkmiş deyib ki, Elşən ona xəsarət yetirdikdən sonra polisə məlumat verəcəyini bildiyi üçün evdən gedib. O, ərindən şikayətçi olduğunu deyib.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Elşən 2 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı fərdi yaşayış evini axşam saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb.
Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilib. /demokrat.az