Azyaşlıların virtual asılılığının onlara mənfi təsiri ilə bağlı parlamentdə dinləmə və müzakirə keçirilə bilər

Uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin hüquqi tənzimlənməsi təklif edilib.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlametin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, bununla bağlı müzakirə və dinləmə keçirilə bilər: "Uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində ümumilikdə təlim və tərbiyə prosesinə çox ciddi təsir edir. Bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır.

Məhz bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar. Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq".

Deputatın fikrincə, qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır:

"Qeyd olunan məsələlərin aktuallığı nəzərə alınaraq sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm"./report