Azərbaycanda tikinti materialı olan asbest və tərkibində asbest olan materialların dövriyyəsi qadağan ediləcək.
Stopnarkotik.az xəbər verir ki, bu, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanun qəbul ediləcəyi halda 1 iyul 2027-ci ildən qüvvəyə minəcək.
Stopnarkotik.az məlumat verir ki, asbestin zərərləri yalnızca onun tərkibindəki kimyəvi maddələrlə bağlı deyil. Bir maddə kimi asbest "ağ torpaq" kimi də tanınan, elastik və lifli xüsusiyyətlərə malik mineral liflər qrupudur. Asbest həmçinin silikat kimi də tanınır və iki fərqli qrupa bölünür: amfibolit və ya serpentinit.
Asbestin kimyəvi maddələrə, istiliyə və aşınmaya davamlılıq xüsusiyyəti var. Keçirici olmayan, yanmaz və davamlı xüsusiyyətlərinə görə asbest gəmiqayırma, avtomobil və tikinti sənayesində tez-tez izolyasiya materialı kimi istifadə olunur. Bütün bu xüsusiyyətlərinə görə, asbest ciddi sağlamlıq riskləri yaradır. Belə ki, nəfəs aldıqda bu maddənin lifli forması ağciyərlərdə toplanır və orqan toxumalarına zərər verir. Bundan əlavə, lifli strukturlar havada asanlıqla yayıla və nəfəs alına bilər. Asbest ağciyər xərçəngi, plevroloji xərçəng, xroniki ağciyər xəstəlikləri, mədə-bağırsaq xəstəlikləri, plevra xəstəliyi, bəzi hallarda qırtlaq və yumurtalıq xərçənginə səbəb ola bilər.
Sadalanan zərərləri ilə yanaşı Türkiyəli tibb professoru, akademik Oytun Erbaş TV-dəki verilişlərdə narkotik maddələrin tərkibinə asbestin qarışdırıldığını açıqlayıb. Bunda məqsəd narkotikin çəkisini artırmaqdır. Bunu narkotik alverçiləri edirlər.
Erbaşın dediyinə görə, narkotikin tərkibinə şüşə pambıq, asbest üyüdülərək qatılır ki, bu da uyuşturucu təsiri nəticəsində insan psixikasını sıradan çıxarmaqla yanaşı, fiziki-bioloji sağlamlığı da çökdürür. Nəfəsalma ilə burundan çəkilən üyüdülmüş şüşə qırıntıları ağciyərlərə daxil olaraq onu parçalayır. Asbest isə narkotik olmadan da nəfəs almaqla ağciyər xərçəngi əmələ gətirir və narkotikin tərkibinə qatıldığı halda buruna çəkilərək inqalyasiya zamanı ağciyərləri sıradan çıxarır.
Bundan başqa, asbest lifləri çox incə olduğundan, nəfəs aldıqda ağciyərlərdə çökür. İllər sonra (hətta 10-20 ildən sonra belə), onlar ağciyər astarının xərçəngi (mezotelioma), ağciyər xərçəngi və ağciyərlərdə maye yığılması kimi ciddi xəstəliklərə səbəb olur.
Asbest qəti kanserogen kimi təsnif edilir.
Stopnarkotik.az