Dünən saat 09:00 radələrində Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərdən (4-ü qadın, 7-si kişi) 5 nəfərin müalicəsi tibbi müəssisəsində davam etdirilir.
Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, onlardan 2 nəfərin vəziyyəti ağır, 3 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir.
6 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Qeyd edək ki, Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində “İsuzu” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.
***
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Qaradağ rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.
Qurumdan Bakues.az-a verilən xəbərə görə, dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır. Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.
Yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.
***11:52, 25.12.2025
Qaradağda iki nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsiilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.
Belə ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub.
Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.
***11:28, 25.12.2025
Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.
Hadisə Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində baş verib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib ki, dekabrın 25-də saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.