Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada hərbi üsyana cəhd edən "Vaqner" əsgərlərindən ölkə ordusuna təlim keçməyi xahiş edib.
Bu barədə "Belta" dövlət xəbər agentliyi məlumat yayıb. Lukaşenko Belarusun Müstəqillik Günü münasibətilə etdiyi çıxışında Vaqner əsgərlərini ölkəsinə dəvət edib.
Belarus lideri "Vaqner" üzvlərindən qorxmadığını bildirsə də, özəl hərbi qrupun lideri Yevgeni Priqojinin harada olduğu barədə məlumatsız olduğunu qeyd edib.
Lukaşenko, "Təəssüf ki, Vaqner əsgərləri burada deyil. Daha əvvəl dediyim kimi, onların təlimçiləri gəlib bizə döyüş təcrübəsi versələr, bunu qəbul edəcəyik" deyə qeyd edib.
Lukaşenkonun dəvəti Belarus liderinin "Vaqner" qüvvələrinin Moskvaya qarşı silahlı üsyanını yatırtmaq tapşırığından cəmi bir həftə sonra gəlib.
Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini “Vaqner” düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırıb, buna cavab verəcəyini vəd edib . Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirib.
Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqlayıb. Amma axşam saatlarında bu planlarından əl çəkib. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verib.
Bildirilib ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verilib.
Böhran ancaq Lukaşenkonun vasitəçiliyi ilə Priqojini Belarusa köçürmək barədə razılaşma əldə etdikdən sonra yumşalıb. Eyni razılaşmanın bir hissəsi olaraq, Vaqner qoşunlarına Rusiya ordusuna və ya hüquq-mühafizə orqanlarına yazılmaq, ailə və dostlarının yanına qayıtmaq və ya Belarusa getmək seçimi verilib./azvision.az