Körfəz ölkələrində hava müdafiə raketləri tükənir - İran PUA-larına qarşı yeni strategiya hazırlanır

İranın ucuz və kütləvi şəkildə istehsal olunan kamikadze pilotsuz uçuş aparatlarına (PUA) qarşı milyonlarla dollar dəyərində hava müdafiə sistemlərindən istifadə edən Körfəz ölkələri sursat ehtiyatlarının sürətlə tükəndiyi problemlə üzləşib.

"The Wall Street Journal" qəzetinin yayımladığı məlumata görə, altıdan çox ölkə ABŞ istehsalı olan bahalı ələkeçirmə raketlərini sürətlə istifadə edir və mövcud ehtiyatlar sürətlə azalır.

Oslo Universitetinin tədqiqatçısı Fabian Hoffmann bildirib ki, mövcud intensivlik maksimum bir neçə gün davam edə bilər. Onun sözlərinə görə, bundan sonra ciddi sursat çatışmazlığı yarana bilər.

ABŞ mediasına danışan diplomatlar bildiriblər ki, ehtiyatların azalması səbəbindən Körfəz ölkələri yeni müdafiə strategiyası üzərində işləyir.

Planlaşdırılan yanaşmaya görə, inventarda qalan məhdud sayda Patriot hava müdafiə sistemi və THAAD raketdən müdafiə sistemi yalnız yüksək dağıdıcı gücə malik ballistik raketləri məhv etmək üçün istifadə ediləcək.

Bu strategiya çərçivəsində İranın kamikadze tipli Shahed pilotsuz uçuş aparatı kimi bəzi PUA-larının hava müdafiə xəttini keçərək hədəflərə çatmasına müəyyən dərəcədə göz yumulacağı bildirilir.

Mütəxəssislərin sözlərinə görə, bu tip PUA-lar kiçik mühərriklə işlədiyi üçün alçaq hündürlükdə uça bilir və radarlardan yayınmaq qabiliyyətinə malikdir. Onlar GPS və inertial naviqasiya sistemləri vasitəsilə əvvəlcədən proqramlaşdırılmış hədəflərə – neft emalı zavodları, elektrik stansiyaları və limanlar kimi strateji obyektlərə – yönəldilə bilir.