Rusiya-Ukrayna müharibəsində yaralanan tanınmış azərbaycanlı hüquqşünas Elman Paşayev hazırda Makeyevkada hospitaldadır.
APA xəbər verir ki, bu barədə həyat yoldaşı Alyona Paşayeva bildirib. Onun sözlərinə görə, Elman Paşayev kontuziya alıb və danışmaqda çətinlik çəkir.
E. Paşayevin xəstəxanada ən azı bir ay qalacağı və bundan sonra reabilitasiya keçəcəyi bildirilib.
Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri ilə müqavilə imzalayan Elman Paşayev xüsusi hərbi əməliyyatda iştirak edir. O, aprelin 29-da Ukraynanın Uqledar şəhərində Ukrayna Silahlı Qüvvələrinin dron hücumu nəticəsində yaralanıb.
Xatırladaq ki, Elman Paşayev Rusiyada uzun müddət vəkil kimi fəaliyyət göstərib. Tanınmış rusiyalı aktyor Mixail Yefremovun ölümlə nəticələnən avtomobil qəzasından sonra azərbaycanlı vəkil onu məhkəmədə müdafiə edib. Lakin Paşayev məhkəməni uduzub. Daha sonra Rusiya Ədliyyə Nazirliyi Paşayevin vəkillik statusuna xitam verib.