Türkiyədə terror aktı planlaşdıran PKK-çı tutuldu: seçki bürosuna hücum edəcəyi ehtimal edilir - FOTO/VİDEO

Türkiyənin Adana şəhərində polis və mühafizəçilər tərəfindən terror aktı həyata keçirmək istəyən PKK terrorçusu saxlanılıb.

Onun üzərində əl qumbarası, sənədsiz tapança və çox sayda güllə olub.

Hadisə Adananın Seyhan rayonunda Alparslan Türkeş bulvarında baş verib. Əldə edilən məlumata görə, Seyhan patrul polisi və mühafizəçilər yoxlama apardıqları zaman bir nəfər taksidən düşərək qaçmağa başlayıb. Polis havaya atəş açaraq qaçan şəxsi təqib edib.

Atəş açılmasına baxmayaraq dayanmayan şübhəli cibindəki əl qumbarasını bir binanın həyətinə atıb. Lakin o qaça bilməyib və polis tərəfindən yaxalanıb. Terrorçunun üzərindən sənədsiz tapança və 39 ədəd güllə çıxıb.

Sorğu zamanı şübhəli şəxsin PKK terror təşkilatının üzvü olduğu və çox sayda cinayət qeydinin olduğu müəyyən edilib.

Saxlanılan terrorçunun seçki bürolarından birinə əl qumbarası atacağı və həmçinin tapança ilə də atəşə tutacağı ehtimal edilir.

 

Mənbə: Haber Global