“Tramp öz ambisiyalarının tələsinə düşüb” - “Onun sülh şərtləri Ukrayna üçün qəbuledilməzdir”

“ABŞ Prezidenti Donald Tramp öz ambisiyalarının tələsinə düşüb. O, müharibəni tez bitirmək istəyir, eyni zamanda onun təklif etdiyi sülh şərtləri Ukrayna üçün qəbuledilməzdir”. 

Bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “The New York Times”-da dərc edilən məqaləsində yazıb.

Kuleba hesab edir ki, Trampın Oval Kabinetdə Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı aqressiyasını məhz bununla izah etmək olar.

Onun sözlərinə görə, Tramp Ukraynadakı atəşkəs rejimini xarici siyasətinin mərkəzi məsələsinə çevirib və buna görə də “uduzmağı özünə rəva görə bilməz”: “O, sövdələşmə bağlaya bilmir və Ukraynanın onun üçün Bayden üçün Əfqanıstan olduğu kimi olmasına imkan verə bilməz. Hansı ki, bu uğursuzluq onun prezidentliyini müəyyən etdi”.

Bununla yanaşı, Kuleba hesab edir ki, Vladimir Putin bunu başa düşür və Trampdan maksimum fayda əldə etmək üçün atəşkəsə razılaşa bilər. Lakin o, öz strateji məqsədindən - Ukraynanın məhv edilməsindən əl çəkməyəcək və sonda müharibə yenidən başlayacaq.

Kuleba Putinin Ukraynanı NATO-ya qəbul etməmək vədi ilə kifayətlənəcəyinə də inanmır: “Əgər bu NATO məsələsi olsaydı, Putin İsveç və Finlandiyanın 2023-cü ildə Alyansa qoşulmasını belə asanlıqla qəbul etməzdi”. 

Keçmiş nazir xatırladıb ki, bu gün NATO-nun sərhədi Sankt-Peterburqa Ukraynanın Moskva ilə məsafəsindən daha çox yaxındır.

Kulebanın sözlərinə görə, artıq avropalılar başa düşürlər ki, Ukrayna “bir dövlət kimi onu məhv etməyəcək” razılaşma əldə etməyə çalışır. Üstəlik, ABŞ-nin vitse-prezidenti C.D.Vensin Münhen Təhlükəsizlik Konfransında çıxışından sonra Avropa “yeni reallıqda” yaşayır.

Sabiq nazirin fikrincə, Avropa Ukraynanın mineral ehtiyatları ilə bağlı alternativ saziş təklif etməli, eləcə də Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməli və onlardan silah istehsalı və alışını maliyyələşdirmək üçün istifadə etməlidir: “Avropa İttifaqı, Böyük Britaniya və Norveç Ukraynanın əsas müttəfiqi olan ABŞ-ni tamamilə əvəz edə bilməz, lakin bu praqmatik həllər dərhal Avropanın rolunu artıracaq və Ukraynaya nəfəs almağa imkan verəcək”./azpolitika.info