Bakıda bina sakinlərinin təşkil etdiyi şirkətin rəhbəri qonşunu döyüb.
Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində, S. S. Axundov küçəsində yerləşən yaşayış kompleksində qeydə alınıb.
Sakinlərin bina xərclərini ödəmək üçün təşkil etdikləri Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə 60 yaşlı Vüsal Bədəlov (ad və soyad şərtidir) sədr seçilib. Onunla aylıq ödənişləri vaxtında ödəməyən qonşusu Afiq (şərti adla) arasında mübahisə yaranıb. Mübahisə zamanı şirkət sədri Vüsal Bədəlov Afiqi sinəsindən itələyərək yumruqla həmin nahiyəsinə zərbə vurub və boynundan tutaraq yerə yıxıb. Sonra isə yerdə Afiqin sifətinə yumruqla zərbələr vurub. Nəticədə zərərçəkən bir sıra xəsarətlər alıb.
Bu əməlinə görə V. Bədəlov saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə istintaqı zamanı o, “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının ona da şamil olunmasını xahiş edib. Zərərçəkən də həmçinin bu barədə qərarın verilməsini məhkəmənin mülahizəsinə buraxdığını deyib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və V. Bədəlov məsuliyyətdən azad olunub.