Rusiya prezidenti Vladimir Putinlə sonuncu dəfə iyulun 24-də paytaxt Moskvada görüşən Suriya lideri Bəşər Əsəd o vaxtdan bəri görünmür. 6 gün əvvəl Dəməşqdə keçirilən parlamentin andiçmə mərasiminə qatılmayan Əsədin hələ də Rusiyada olduğu bildirilir.
"Türkiyegazetesi" xəbər verir ki, Suriya lideri İranın sui-qəsd cəhdindən və ya çevriliş təşkil etməsindən qorxduğu üçün Sankt-Peterburqdakı malikanədə yaşayır.
Qeyd olunur ki, son vaxtlar Tehranla Dəməşq arasında münasibətlər bir neçə səbəbdən pisləşib. Buna səbəb Əsədin Suriyada "Hizbullah" və digər iranyönlü qrupların fəaliyyətinə məhdudiyyətlər qoymasıdır.
Məlumata görə, Tehran administrasiyası İsrailin Suriyada yüksək rütbəli iranlı diplomat və komandirlərə hücumlarına görə Əsədin çevrəsindən bəzi şəxsləri məsul hesab edir.
Əsəd tərəfdarı ekspertin fikrincə, Dəməşq-Ankara yaxınlaşması İran tərəfindən sabotaj edilir. Suriya liderini Sankt-Peterburqda qalmağa məcbur edən səbəblərdən biri də Ərdoğan-Əsəd görüşünün qarşısını almaq istəyən İran və buna bənzər ölkələrin qəzəbindən qorunmaqdır.