Qazaxıstanda təhsil sahəsində intizam qaydaları sərtləşdirilir. Belə ki, valideynlər şagirdin müəllimə qarşı hörmətsiz davranışına görə 86.500 təngə (təxminən 320 AZN) məbləğində cərimə ediləcək. Ölkənin müvafiq qurumunun məlumatına görə, bu cür pozuntulara ədəbsiz dil, uyğunsuz jestlər və müəllimin peşə vəzifələrinə mane olan və əlverişsiz iş şəraiti yaradan hərəkətlər daxildir.
Azərbaycanda ümumi təhsil müəssisələrində tez-tez şagird davranışları ilə bağlı pozuntulara rast gəlirik. Bəzi hallarda dərs prosesini pozan şagirdlər özləri verilən təhsildən yayınmaqla yanaşı digər şagirdlərin də tədrisdə iştirakına mane olurlar. Orta məktəblərdə iki şagird dalaşanda belə valideyndən çox müəllim və təhsil müəssisəsi günahkar çıxarılır. Bəzən məktəbdə şagird xətası üzündən baş verən hansısa hadisəyə görə müəllimlərə töhmət verilir.
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi bildirib ki, bir çox ölkələrdə bununla bağlı qaydalar sərtləşdirilir:
“Dünyanın bir çox ölkəsində şagird davranış qaydaları ilə bağlı müvafiq qərarlar alınır və bəzi hallarda qaydalar sərtləşdirilir. Bizdə də valideynlərin övladlarına, ümumiyyətlə təhsil prosesinə yanaşması ilə bağlı onların üzərində bir məsuliyyət olmalıdır. Hazırda müşahidə etsək görərik ki, şagirdlərin yol verdiyi xətalara görə bəzi hallarda təhil müəssisəsində günah görülür və yaxud da müəllimlər qınanılır. Artıq elə bir vəziyyət yaranır ki, müəllim şagirdə qarşı tənbehedici, tərbiyəedici hansısa fikir səsləndirəndə müəlimə qarşı belə cərimələr tətbiq olunur”.
Ekspertin sözlərinə görə, oxşar qaydalar bizdə də tətbiq edilə bilər:
“Şagirdlərin təməl tərbiyə prosesinə diqqət etməliyik. Ailənin verdiyi tərbiyə şagirdlər üçün vacib və mühümdür. Bu tərbiyəni onlar növbəti dövr üçün daşıyırlar. Təhsil müəssisəsi və müəllimlər konkret olaraq şagirdin birbaşa tərbiyəsində yox, onun tədris proqramında nəzərdə tutulmuş fənlər üzrə mövcud bilik və bacarıqlarını inkişaf etdirməkdə məsuliyyət daşıyırlar.
Düzdür, təhsil müəssisəsi müəyyən qədər tərbiyə istiqamətində də funksiyanı yerinə yetirir. Amma istənilən halda valideyndən, ailədən asılıdır. Aşağı yaşlı şagirdlərin törətdiyi xətaya görə valideynlərə hansısa qaydada cərimlərin təbiqi və yaxud onlarla xəbərdarlıq tipli söhbətlərin aparılması vacib əhəmiyyət daşıyır.
İlk növbədə, bu prinsiplə getmək, ardınca təbii ki, nəticə olmadığı halda qeyd olunduğu kimi Qazaxıstan və digər ölkələrin modeli bizdə də valideynlərə qarşı tətbiq olunmalıdır. Yəni şagird müəllimlərinə, təhsil prosesinə hörmətlə yanaşmalıdır, bunu pozan yuxarı yaş kateqoqiyalı şagirdlər özləri, aşağı yaş kateqoriyasına aid olanların isə valideynləri məsuliyyət daşımalıdır”.