“Rusiyanın bu taktikası Ukraynanın imkanlarını tükəndirir” – “Dronları məhv edəcək yeni silah yaradılır”

Uzun süründürməçilkdən və partiyalararası çəkişmələrdən sonra nəhayət ki, ABŞ Nümayəndələr Palatası Ukraynaya 61 milyard dollar həcmində yardım verilməsi ilə bağlı layihəni təsdiqləyib. Bundan sonrakı mərhələdə qanun layihəsi Ukraynanı öncədən də dəstəkləmiş Senata göndəriləcək. ABŞ rəsmilərinin sözlərinə görə, hərbi texnika və silahlar çox tez bir zamanda Ukraynaya yetişdiriləcək. Bu yardım kritik bir dönəmdə gələcək və ayrılan məbləğin müqabilində Ukrayna ordusuna döyüş imkanlarını artıra biləcək.

Ukraynanın hələlik ən böyük problemi ballistik və qanadlı raketlərin vurlması üçün Hava Hücumundan Müdafiə sistemlərinin çatışmaması və həmçinin “Şahed” tipli PUA-ların zərərsizləşdirilməsi üçün bahalı raketlərin sərf edilməsidir.

Elə Ukrayna Prezidenti Volodimir Zelenskinin yardım üçün Qərb ölkələrinə ünvanladığı müraciətində də döyüş meydanında tələb edilən silhların önəminə diqqət çəkilir: “Demokratik dünyanın Rusiya terroruna qalib gəlməsi üçün hər cür gücü var. Öz gücünüzdən qorxmamalı və həyatı həqiqətən qorumağa kömək etməlisiniz. İndi ukraynalıların “Patriot”lara ehtiyacı var. Ukrayna səmasına müasir qırıcılar lazımdır. Rusiya raketləri və İran “Şahed”ləri məğlub olmalıdırlar ki, heç vaxt və heç yerdə xarabalıqlar həyata qalib gəlməsin”.

ABŞ-nin “The Wall Street Journal” qəzeti “Raket və dron müharibələri Hava Hücumundan Müdafiə ilə zəif təchiz olunanlar üçün ciddi sınaqdır” başlıqlı məqaləsində sözügedən məsələlərdən, İranın İsrailə qarşı həyata keçirdiyi hava hücumlarının necə dəf edilməsindən, Ukraynanın üzləşdiyi raket qıtlığından və silah texnologiyasının yeni inkişaf mərhələsindən bəhs edir.

Həmin məqaləni təqdim edirik: ”İsrailə hücumu zamanı İranın buraxdığı bütün PUA-ların və raketlərin məhv ediliməsi İsrail Hava Hücumundan Müdafiə sistemlərinin qələbəsiydi. Ancaq bununla yanaşı, bu cür müdafiə vasitələrinin heç də yetərli sayda olmadığının xatırladılması da yerinə düşərdi. Son illər dünya ölkələri Rusiyanın Ukraynaya təcavüzünə, Asiya-Sakit okean regionundakı artan gərginliyə və Yaxın Şərqdəkı münaqişəyə diqqət yetirərək öz hava məkanlarının müdafiəsini möhkəmləndirməyə başlayıblar. Lakin Hava Hücumundan Müdafiə vasitələri istehsal edən şirkətlər artan kəskin tələbləri yerinə yetirə bilmirlər və bu cür texnikanı sifariş verənlər xeyli böyük məsrəf çəkməklə bərabər, uzun müddət gözləmək məcburiyyətində qalırlar. Bu cür raketlərin əldə edilməsi uğrunda əsl mübarizə gedir. Ona görə də yaxalayıcı raketlərin bəzi növlərini tədarük etmək üçün iki ildən artıq vaxt lazım olur. Gözləmə vaxtının uzanması həm də raket mühərriki kimi bir sıra komplektlərin çatışmaması üzündən baş verir.

Zenit Raket Kompleksləri və onlarda istifadə edilən raketlər bir çox hallarda vuracaqları hədəflərdən qat-qat bahalı olurlar, xüsusilə də dronlardan. Kiçik həcmli dronların böyük dəstələr şəklində uçuşları müasir döyüş texnikası üçün əlavə problemlər törədir. Onu da demək lazımdır ki, dəyişən bu təhididlərə qarşı istifadə olunan yeni silahlar hələ inkişaf mərhələsindədir.

İranın İsrailə qarşı həyata keçirdiyi hücum geniş miqyaslı idi. Tehran İsrail ərazisinə 120 ballistik raket, 30-dan artıq qanadlı raket və təxminən 170 PUA buraxıb. Yüksək vəzifəli Amerika hərbçilərinin məlumatına görə israillilər ballistik raketlərin əksər hissəsini “Hetz” raket əleyhinə kompleksin köməyi ilə məhv ediblər. Bu raketlərin altısını ABŞ esminesindən buraxılan raketlər, birini isə “Patriot” Zenit Raket Kompleksi məhv edib.

 

İran PUA-larının böyük əksəriyyəti Amerikan qırıcıları tərəfindən vurulub, qalanlarını isə Britaniya, Fransa və İsrail təyyarələri zərərsizləşdiriblər. Ümumiyyətlə, İranın hücumunu İsrailin raket əleyhinə mürəkkəb, müasir və çoxqatlı sistemləri, həmçinin də ABŞ, Avropa və ərəb tərfdaşlarının köməyi ilə pozmaq mümükn olub.

Əgər hücumların sayı daha çox olsaydı, İsrail çətinlik çəkəcəkdi, necə ki, Ukrayna iki ildən artıqdır Rusiyaya qarşı böyük mücadilə aparır.

ABŞ-dəki “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (The Center for Strategic and International Studies) raket əleyhinə müdafiə layihəsinin direktoru Tom Karako deyib: ”İsrail özünü yaxşı göstərdi, amma çatışmayan tərəf odur ki, hücumun dəf edilməsi zamanı o, böyük sayda raket sərf etdi. Tam əminliklə demək olar ki, anbarlarda ehtiyatın az olması hamı üçün ciddi problemə çevriləcək”.

Son iki ildə Ukrayna Qərbin yolladığı döyüş texninkası sayəsində 2000-dən çox ballistik, qanadlı və digər raketləri, həmçinin də minlərlə PUA-ları zərərsizləşdirib. Amma Ukraynanın bu cür raketləri vurmaq imkanları getdikcə aşağı düşür, çünki onun HHM raketləri qurtarır.

Ukrayna Prezidenti Volodimir Zelenski “PBS” televiziya kanalına müsahibəsində deyib ki, Rusiya böyük elektrik stansiyasını məhv edə bilib, çünki Ukrayna ordusunda hava hücumları üçün istifadə edilən raketlər qurtarıb. Rusiya həmin stansiyaya doğru 11 raket buraxıb, Ukraynanın isə onları dəf etmək üçn yalnız yeddi raketi olub. Ukraynaya vermək üçün artıq Qərbdə kifayət qədər raket və Zenit Raket Kompleksi (ZRK) yoxdur. Ballistik raketləri vura bilən “Patriot”ZRK almaq üçün çox uzun növbə meydana gəlib.

Məsələn, İsveçrə 2022-ci ildə beş “Patriot” batareyası sifariş verib. Amma bu ölkənin hökuməti bildirib ki, onların bu batareyaları alması üçün altı il vaxt keçməlidir, hələ üstəlik onların istismara hazırlanması da əlavə bir il tələb edir. Bundan əlavə, bu sistemlər ucuz deyil, 32 raketi olan bir “Patriot” batareyasının qiyməti milyard dollardır.

İsrailin İranın hava hücumunda istifadə etdiyi vasitələrin təxminən yarısını məhv etməsinə 2,1 milyard şekel və ya 550 milyon dollar pul sərf edilib. Bu məlumatı İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun əmkdaşı Yehoşua Kaliski verib.

Qərb rəhbərlərini narahat edən fakt onadan ibarətdir ki, bundan sonra hərbçilər ucuz dronları vurmaq üçün milyon dollar dəyərində raketlərdən istifadə etməli olacaqlar. Əgər rəqib tərəf hücum zamanı bu dronlardan dəstə-dəstə istifadə edərsə, onda məsrəf daha da artacaq.

Rusiya artıq bu taktikadan istifadə edərək Ukrayna şəhərlərinə uzaq mənzilli dronlar yollayır və ukraynalılar da öz azsaylı HHM raketləri ilə onları vurmaq məcburiyyətində qalırlar, bu isə onların imkanlarını tükəndirir.

Ukrayna zabitləri şikayət edirlər ki, cəbhə xəttində bitmək bilməyən dron axınını durdurmaq üçün döyüş texnikası çatışmır. Pentaqon rəhbərliyi bildirir ki, PUA-lara qarşı mübarizə vasitələrinin istehsalını əhəmiyyətli dərəcədə artırmaq istəyir. Bununla da Pentaqon etiraf edir ki, dəyəri min dollar olan hədəfin məhv olunması üçün milyon dolların sərf edilməsi sadəcə məntiqsiz işdir.

“Anduril Industries” şirkətinin strateji məsələlər üzrə direktoru Kris Brouz dron əleyhinə yeni silah olan “Roadrunner”in təqdimat mərasimindəki çıxışında bildirib: ”Əgər dronları məhv edəcək ucuz vasitə yoxdursa, onda ucuz dronları məhv etmək mümkünsüzdür”.

Ukraynada mühüm rol oynayan kiçik həcmli dronlar ənənəvi HHM sistemləi üçün inanılmaz problemlər yaradır. ”Dedrone” startapının baş direktorunun sözlərinə görə kiçik dronu aşkarlamaq daha çətindir və bu, çox böyük problemdir.

Qırmızı dənizdəki gəmi yükdaşımalarının qorunması üçün ABŞ silahlı gücləri əsasən ”Aegis” Raket Əleyhinə Müdafiə sistemlərindən, həmçinin də öz avtomatik topu ilə dronları vura bilən “Felenks” zenit artilleriya kompleksindən istifadə edir.

Amma hərbi və müdafiə sahəsinin nümayəndələri deyirlər ki, hələlik ucuz dron sürüsünün hücumlarını daha səməri dəf edə biləcək yaxşı texniki vasitələr tapılmayıb. Hazırda ABŞ və İsrail PUA-lara qarşı özəl şirkətlər tərəfindən layihələndirilən mikrodalğa və lazer sistemlərini sınaqdan keçirirlər.

Nəzəri baxımdan belə bir sistem böyük dron dəstəsini məhv etmək qabiliyyətinə malik olacaq və həm də ki, onun demək olar mərmisi bitməyəcək. Çünki o, lazer enrjisiylə təchiz ediləcək. Amerikanın yüksək tezlikli silah hazırlanması üzrə ixtisaslaşan “Epirus” startapı bəyan edib ki, əgər ABŞ hərbçiləri icazə versələr yayda bu sistemlərdən bir neçəsini Yaxın Şərqə göndərəcək, ilin sonunda isə bu silahdan daha on ədəd yaradacaqlar.

ABŞ Hərbi Sənaye Kompleksinin ən böyük şirkətlərindən biri olan “Raytheon” dronlar əleyhinə yüksəkenerjili mikrodalğa sistemi yaradılması ilə bağlı müqavilə imzalayıb. İlk təcrübə-sınaq nümunələri növbəti ildə başa çatdırılacaq. Bu yeni sistemlər döyüş meydanında yoxlanılmayıb və onların məhdud fəaliyyət məsafəsi var. Amma hər halda bu texnologiyanın tərəfdarları deyirlər ki, bu silah PUA dəstələrinə qarşı ən yaxşı müdafiə sistemidir.

“Decisive Point Group”dan olan investor və Amerika xüsusi təynatlı dəstələrinin birində zabit olmuş Tomas Hendriks isə deyib: ”Gələcək münaqişələrdə dronlara qarşı mübarizə üçün enerji tutumlu sistemlər və ya lazer silahları mütləq lazım olacaq”./azpolitika.info