Rusiyalı oliqarx Lüksemburqdan 15,8 milyard avro təzminat almaq istəyir

Rusiyalı iş adamı Mixail Fridman Lüksemburq hökumətindən ölkə tərəfindən “dondurulan” aktivlərinə görə təzminat almaq niyyətindədir.

Stopnarkotik.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Vedomosti” nəşri yayıb. “Alfa Bank”ın təsisçisi ona 15,8 milyard avro (təxminən bir yarım trilyon rubl) təzminat ödənilmədiyi təqdirdə hakimiyyəti beynəlxalq arbitrajla hədələyib.

İş adamı bildirib ki, onun aktivlərini bloklamaqla Lüksemburq 1989-cu ildə Belçika və Lüksemburq, eləcə də Sovet İttifaqı (və onun varisi kimi Rusiya) arasında investisiyaların qarşılıqlı qorunmasına dair ikitərəfli müqaviləni pozub. Fridman onun aktivlərinin dondurulmasını qeyri-qanuni özgəninkiləşdirmə kimi qiymətləndirir.

Fridmanla Lüksemburq arasındakı mübahisə məhkəməyə qədər gedə bilər. “Vedomosti”nin məlumatına görə, kompensasiyanın ödənilməsi təklifi hələ fevral ayında Lüksemburq hakimiyyətinə göndərilib, lakin Fridmanın nümayəndələri bu müddət ərzində hələ də cavab almayıb. Rusiyalı iş adamının tərəfi imtina halında BMT-nin Beynəlxalq Ticarət Hüququ Komissiyasına və ya Stokholm Arbitraj Məhkəməsinə müraciət etmək hüququna malikdir.

Fridman bir sıra Lüksemburq şirkətlərində, o cümlədən CTF Holdings, ABH Holdings, Alfa Asset Management (Avropa), Alfa Capital Investments Holdings, LetterOne Holdings və LetterOne Investment Holdings-də paylara malikdir. Bu şirkətlər vasitəsilə o, müxtəlif yurisdiksiyalara və sektorlara, o cümlədən Alfa Bank və Amsterdam Ticarət Bankına, telekommunikasiya şirkətləri Veon və Turkcellə, əczaçılıq qrupu Emma Healthcare və digər firmalara sərmayə qoyub.

Rusiyalı hüquqşünaslar iş adamının iddiasının məhkəmə tərəfindən icraata götürülməsini real hesab etmirlər, çünki dondurulma aktivlərin müsadirəsi demək deyil.