Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllimə işdən çıxdı

Rusiyanın Yekaterinburq şəhərində, Ural Federal Universitetində baş verən qalmaqaldan sonra müəllimə Yuliya Volkova işdən çıxıb.

Bu barədə E1.ru məlumat yayıb.

Aprelin 28-də universitetdə etik komissiyanın iclası keçirilib.

"Komissiya üzvləri belə davranışın universitet əməkdaşı üçün yolverilməz olduğunu qeyd ediblər. Struktur bölmələrinin rəhbərlərinə vəziyyəti kollektivlərlə müzakirə etmək və komissiyanın mövqeyini bütün əməkdaşlara çatdırmaq tövsiyə olunacaq", - deyə universitetdən bildirilib.

Yuliya Volkova sosial şəbəkədə paylaşımının valideynlərə çatdırılmamasını xahiş etsə də, istifadəçilər bunu düzgün hesab etməyərək məlumatı uşağın valideynlərinə ötürüblər. Bundan sonra qızın anası prokurorluğa müraciət edib.

Qeyd edək ki, o, sosial şəbəkədə azərbaycanlı keçmiş tələbəsinin qızının fotosunu paylaşaraq "Belə gözəl insanlardan necə belə çirkin uşaqlar doğulur?" ifadəsini yazmışdı.