Rusiya səfirinin Ankarada öldürülməsinin yeni TƏFƏRRÜATLARI

2016-cı ildə Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsdin təşkilatçılarından biri ABŞ-ın Texas ştatında yaşayır.

Bu barədə Türkiyənin “Sabah” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Temel Alsancak adlı şəxs cinayət ortaqlarına kömək etmək üçün dörd saxta şirkət yaradıb.

Qəzetin yazdığına əsasən, Temel Alsancak FETÖ terror təşkilatının üzvüdür və Dallas bölgəsində 1,2 milyon dollarlıq villada yaşayır.

Qeyd olunub ki, Alsancak FETÖ üzvlərinə ABŞ-a biznes vizası almağa kömək edən 4 şirkət qurub, onlardan ikisi daha sonradan bağlanıb.

“Sabah”ın məlumatında bildirilib ki, 2016-cı il dekabrın 19-da baş verən sui-qəsd Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşı Vehbi Kürşat Akal tərəfindən hazırlanıb. O, Rusiya səfirinin gündəlik fəaliyyəti ilə bağlı bütün məlumatları Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsinin rəsmisi Hüseyn Baca verib. Qətlin təşkilinə Ankaradakı Turqut Özal Universitetinin müəllimi Cemal Karaata rəhbərlik edib.

“Zaman” qəzetinin jurnalisti Abdullah Bozkurt tapşırığı cinayətkarın diqqətinə çatdırıb. Qəzet qətlin təşkilində Massaçusets Texnologiya İnstitutunun türk əsilli iki əməkdaşının da iştirak etdiyini iddia edir.

Bildirilib ki, FETÖ-nün məqsədi Karlovun qətlini cihadçı qruplarla əlaqələndirmək, Türkiyə və Rusiyanı diplomatik əlaqələri kəsməyə məcbur etmək və dövlətlər arasında müharibə başlatmaq olub.

Xatırladaq ki, Andrey Karlov 2016-cı ildə Ankarada “Rusiya Kalininqraddan Kamçatkaya səyahətçinin gözü ilə” fotosərgisinin açılışında güllələnib. Hücumu Mevlüt Altıntaş adlı polis əməkdaşı həyata keçirib və o, təhlükəsizlik qüvvələri tərəfindən yerindəcə öldürülüb. 2021-ci ilin martında iş üzrə təqsirləndirilənlərdən beşi ömürlük, altı nəfər isə beş ildən doqquz ilədək həbs cəzasına məhkum edilib./modern.az