Rusiya İstintaq Komitəsi “Crocus City Hall”un konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyən edib.
Bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə artıq bu barədə məlumat verilib.
“İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, - deyə komitədən vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı iştirakçılarının dindirilməsi videosunu dərc edib. Dindirilmələr zamanı həbs olunanlar əlaqə saxladıqları şəxsin adının “Sayfullo” olduğunu deyiblər. Bildirilib ki, o, bir ay ərzində hədəfi müəyyən edib və silahların çatdırılmasından tutmuş cinayətkarların Ukraynaya qaçış marşrutuna qədər zəncirin bütün halqalarını əlaqələndirib. “Crocus Siti”yə hücumun iştirakçıları terror aktından sonra Kiyevə qaçmaq niyyətində olduqlarını təsdiqləyiblər.
Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər “Crocus City Hall” konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar. Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar. Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.
Mənbə: News.ru