Ərini qətlə yetirən qadına elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmədə təqsirləndirilən Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 1 il 5 ay 22 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. 

Qeyd: 2023-cü il avqustun 25-i gecə saat 2 radələrində Xırdalan şəhərində 1981-ci il təvəllüdlü Elsevər Həsənovun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı Elsevər Həsənovun bıçaqla özünə xəsarət yetirərək intihar etməsi yaxınları tərəfindən bildirilsə də, hadisənin təfərrüatları ətraflı olaraq rayon prokurorluğunda araşdırılıb.

Araşdırmalarla 1989-cu il təvəllüdlü Gülnar Məmmədovanın yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1981-ci il təvəllüdlü Elsevər Həsənova bıçaqla xəsarət yetirib, ehtiyatsızlıqdan onun ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Gülnar Məmmədova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində həbs qətimkan tədbiri seçilib, sonradan onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

İstintaq dövründə Gülnar Məmmədovanın barəsində Cinayət Məcəlləsinin 122.1-ci (Zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

İttihamda qeyd edilib ki, Elsevər Həsənov narkotik vasitə əldə etmək üçün pulu tapa bilməməsi səbəbindən onunla mübahisə edib, qadına pul tapmasını və anasına zəng edərək ondan pul istəməsini tələb edib. Gülnar Məmmədova isə bundan imtina edib. Sonra kişi arvadının gizli telefon işlətməsindən xəbəri olduğunu, əxlaqsızlıq edərək pul qazanmalı olduğunu və qazandığı pulu ona verməyə borclu olduğunu deyib və qadının saçından tutaraq stola vurub, onu döyüb. Gülnar Məmmədova isə bıçaqla onu vuraraq öldürüb./pravda.az